Press "Enter" to skip to content

Güney Azərbaycan davasına daha bir dəstək

Güney Azərbaycan Cümhuriyyətinin qurulmasının 80-ci ildönümü münasibətilə 21 Azər medalı təqdim edilir

BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi 2025-ci il o taylı-bu taylı Azərbaycan üçün bir sıra yubileylərlə yadda qaldı. Belə yubileylərdən biri də Güney Azərbaycanla bağlı idi. Belə ki, ötən il GüneyAzəbaycan türkləri üçün tarixi önəm kəsb edən 21 Azər (12 dekabr) hərəkatının 80-ci ildönümü oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən Çağdaş Azerbaycan Kültür Merkezinin İdarə Heyətinin sədri, əslən Azərbaycan türkü olan Cemal Mehmethanoğlu deyib.

O, qeyd edib ki, 1945-ci il dekabrın 12-də Güney Azərbaycan Cümhuriyyəti quruldu: “Bir il mövcud olan Cümhuriyyət bu müddət ərzində böyük işlər gördü. Lakin İran şahının orduları tərəfindən böyük qırğınlar nəticəsində məhv edildi. Bu il Cümhuriyyətimizin qurulmasının 80 illiyini qeyd etdik. 1946-cı ildə Güney Azərbaycan hökuməti, Cümhuriyyətin qurulmasında töhfə verən mədəniyyət xadimlərimiz və fədailərimiz də daxil olmaqla 20 min nəfərə 21 Azər medalı adlı medallar verdi”.

Cemal Mehmethanoğlu bildirib ki, Çağdaş Azerbaycan Kültür Merkezi, Güney Azərbaycan Cümhuriyyətinin 80 illik yubileyini qeyd etmək üçün Güney Azərbaycanda türk mədəniyyətini yaşadan mədəniyyət və incəsənət xadimlərinə, eləcə də Güney Azərbaycan türklərinin varlığını, mədəniyyətini və təbii irsini dünyaya tanıdan və qoruyan Azərbaycanda və xaricdə yaşayan milli fəallara 21 Azər medalı vermək qərarına gəlib: “Bu il, əvvəlcə 100 nəfərə medal verməyi planlaşdırdığımız halda, birdən bu rəqəmin 455-ə çatdığını gördük. Medallarımız haqqında məlumatı bloqlarımızda dərc edirik və onları sahiblərinə çatdıracağıq. Bundan əlavə, 21 martda İzmirdə medal paylama mərasimi və Novruz bayramı şənliyi keçirəcəyik. Güney Azərbaycan Cümhuriyyətinin qurulmasının 80-ci ildönümü münasibətilə təqdim etdiyimiz medalları almaq hüququ qazanan dostlarımızı təbrik edirəm”.

Qeyd edək ki, laureatlar arasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov da var.

Mission News Theme by Compete Themes.