Dr. Yecel Karauz: TDT-yə daxil olan ölkələr cənab İlham Əliyevin tarixi çağırışına tez bir zamanda müsbət cavab verməlidirlər
BAYRAQDAR MEDİA – “Müasir dünyada risk və təhdidlər hər keçən gün daha da artır. Məsələyə dərindən diqqət yetirdikdə görürük ki, bu risk və təhdidlər bir neçə əsas istiqamət üzrə qruplaşır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Söhbət böyük güclər arasında nüfuz uğrunda aparılan mübarizədən, dünyanın yenidən bölüşdürülməsi cəhdlərindən gedir
O, bildirib ki, həmin istiqamətlərin birincisində böyük güclər arasında gedən rəqabət və qlobal sistem böhranı dayanır: “Burada söhbət böyük güclər arasında nüfuz uğrunda aparılan mübarizədən, dünyanın yenidən bölüşdürülməsi cəhdlərindən gedir. Bu gün biz bu prosesləri bütün çılpaqlığı ilə müşahidə edirik. Böyük güclər arasında gedən nüfuz savaşları, geosiyasi qarşıdurmalar və dünya nizamının yenidən formalaşdırılması cəhdləri müasir dünyada risk və təhdidləri daha da artırır”.
Dr. Yücel Karauz qeyd edib ki, ikinci mühüm amil vəkalət savaşları və münaqişə ocaqları ilə bağlıdır: “Burada bir dövlətin başqa bir dövlətin ərazisində birbaşa, yaxud dolayısı ilə apardığı hərbi əməliyyatlardan, həmçinin işğal niyyətli addımlardan söhbət gedir. Biz bu cür vəkalət savaşlarını Suriya və Ukrayna nümunəsində açıq şəkildə görürük. Bu münaqişələr təkcə həmin ölkələr üçün deyil, bütövlükdə regional və qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır”.
Böyük enerji layihələrinin, dənizaltı enerji və nəqliyyat xətlərinin hədəfə çevrilməsi artıq reallıqdır
Müsahibimiz deyib ki, müasir dünyada enerji və digər təbii resursların hədəfə alınması da açıq şəkildə müşahidə olunur: “Bu sahədə yaranan böhranlar getdikcə daha qabarıq xarakter alır. Enerji uğrunda gedən mübarizə xüsusilə Aralıq dənizi və Qara dəniz hövzəsində özünü daha aydın göstərir. Böyük enerji layihələrinin, dənizaltı enerji və nəqliyyat xətlərinin hədəfə çevrilməsi artıq reallıqdır”.
Qeyd edilib ki, dünyanı daha təhlükəli hala gətirən digər ciddi təhdidlərdən biri də kiberhücumlar, elmi biliklərə və texnologiyaya əsaslanan yeni nəsil savaş formalarıdır: “Bu kontekstdə tərəflər bir-birinin texnoloji infrastrukturuna, elmi potensialına və strateji sistemlərinə zərər vurmağa çalışırlar”.
Bu gün kütləvi miqrasiya artıq sadəcə humanitar məsələ deyil, dövlətlər arasında təzyiq və qarşıdurma vasitəsinə çevrilib
Bununla yanaşı, Dr. Yücel Karauz iqlim dəyişiklikləri fonunda yaranan yeni təhlükələrə də toxunub. Qeyd edib ki, artıq “iqlim savaşları” anlayışı da qlobal gündəmdə yer almağa başlayıb.
O, eyni zamanda kütləvi köç proseslərinin də müasir dövrdə siyasi və geosiyasi alətə çevrildiyini vurğulayıb: “Bu gün kütləvi miqrasiya artıq sadəcə humanitar məsələ deyil, dövlətlər arasında təzyiq və qarşıdurma vasitəsinə çevrilib”.
Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının hərbi təhlükəsizlik məsələsini gündəmə gətirməsi son dərəcə təbii və aktualdır
Türkiyəli generalın sözlərinə görə, bütün bunlara ümumi baxış göstərir ki, dünyanın yenidən bölüşdürülməsi fonunda iqtisadi məkanda, hərbi sahədə, enerji təhlükəsizliyi müstəvisində, insan kapitalı, bilik və texnologiya sahələrində, eyni zamanda təbii resurslar üzərində ciddi mübarizə gedir: “Belə bir risk və təhdidlərin artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının hərbi təhlükəsizlik məsələsini gündəmə gətirməsi son dərəcə təbii və aktualdır. Cənab Prezidentin istər ötən il Qəbələdə keçirilən sammitdə, istər bu il Yeni il münasibətilə xalqa müraciətində, istərsə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatının hərbi təhlükəsizlik məsələlərini ön plana çıxarması zamanın tələbindən irəli gəlir”.
Türk Dövlətləri Təşkilatı artıq yeni mərhələyə keçməlidir
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin əsas çağırışı ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq yeni mərhələyə keçməlidir və bu mərhələdə hərbi təlimlərin keçirilməsi, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi prioritet olmalıdır: “Cənab İlham Əliyevin birgə hərbi təlimlərin ilk olaraq Azərbaycanda keçirilməsi ilə bağlı təklifi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Dr. Yücel Karauz bildirib ki, məsələ yalnız hərbi təlimlərlə məhdudlaşmır. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı sadəcə mədəni və ya simvolik bir birlik deyil: “Bu təşkilat geosiyasi və qlobal miqyasda yeni dünya düzənində əsas aktorlardan biri olma iddiasını ortaya qoyan strateji təhlükəsizlik birliyidir. Odur ki, Türk Dövlətləri Təşkilatı zaman itirmədən vahid müdafiə strategiyasına keçməli, birgə hərbi təlimlər keçirməli, vahid müdafiə və hərbi koordinasiya mərkəzləri yaratmalıdır. Təbii ki, bu addımlar heç bir ölkəyə və ya hər hansı bir ittifaqa qarşı yönəlməyib və Türk Dövlətləri Təşkilatının işğalçı niyyəti yoxdur. Bütün bu tədbirlər yalnız təşkilata üzv ölkələrin təhlükəsizliyini təmin etmək, artan qlobal təhdidlərdən qorunmaq və mümkün risklərin qarşısını almaq məqsədi daşıyır”.
Bu gün lazımi addımları atmasaq, nə tarix, nə də gələcək nəsillər bizi bağışlayacaq
Dr. Yücel Karauz vurğulayıb ki, gecikmək türk dövlətləri üçün ciddi təhlükələr yarada bilər:“Əgər biz bu gün lazımi addımları atmasaq, nə tarix, nə də gələcək nəsillər bizi bağışlayacaq. Çünki bu gecikmə qlobal proseslərdə güc mərkəzi olmaq şansımızı əlimizdən ala bilər”.
Türkiyəli general əlavə edib ki, Türk Dövlətləri Təşkilatının müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas yollarından biri də vahid müdafiə sənayesi mexanizminin yaradılmasıdır.
Onun sözlərinə görə, üzv ölkələr arasında silah-sursat və hərbi texnika istehsalında əməkdaşlıq qurulmalı, vahid müdafiə sənayesi kompleksi formalaşdırılmalıdır. Bununla yanaşı, o, radikal terror təşkilatlarının yaratdığı təhlükələrə qarşı birgə mübarizə mərkəzlərinin yaradılmasının da vacibliyini vurğulayıb.
Dr. Yücel Karauz bildirib ki, bu istiqamətdə atılacaq addımlar Türk Dövlətləri Təşkilatını NATO-nun tam analoquna çevirməsə də, ən azı regional səviyyədə güclü hərbi-müdafiə birliyinin formalaşmasına imkan yarada bilər: “Bunun üçün artıq ortada uğurlu bir nümunə var – Türkiyə – Azərbaycan əməkdaşlığı. 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə – Azərbaycan münasibətlərini hərbi müttəfiqlik səviyyəsinə yüksəltdi. Eyni model əvvəlcə ikitərəfli, sonra isə çoxtərəfli formatda digər türk dövlətləri arasında da tətbiq olunmalıdır. Ümumiyyətlə isə bir daha bildirmək istəyirəm ki, cənab İlham Əliyevin bəhs etyimiz fikirləri tarixi çağırışdır. TDT-yə daxil olan ölkələr cənab İlham Əliyevin tarixi çağırışına tez bir zamanda müsbət cavab verməlidirlər”.









