Press "Enter" to skip to content

Etibarlı şahid – Mirşahin jurnalistikası

Sevil AKİFQIZI

BAYRAQDAR MEDİA – Yanvarın 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini diqqətlə izləyənlərdən biri də mənəm. Müzəffər Ali Baş Komandanın bu müsahibəsi istər ölkə daxilində, istərsə də ölkə xaricində kifayət qədər rezonans yaratdı. Əminəm ki, müsahibə bir müddət ölkənin əsas gündəmini təşkil edəcək. Bu gün isə sizə müsahibənin gedişatı ilə bağlı bəlkə də bir çoxlarının diqqətindən kənarda qalan məqamdan yazmaq istəyirəm. Söhbət məhz Mirşahin Ağayev jurnalistikasından gedir. Açığı, gənc jurnalist olaraq bu haqda fikir bildirmək iddiasında deyiləm. Mən sadəcə jurnalistikada nümunə sayıla biləcək bir davranış modelinin bizə nələri öyrətdiyindən yazmaq istəyirəm. Ustad o şəxsdir ki, davranışı, sözü, mövqeyi ilə yolundan gələn gənclərə örnək olsun.

Müsahibə yalnız sual-cavab sənəti deyil…

Müsahibə zamanı qarşındakını anlamaqla yanaşı, hörmətini ifadə edərkən məsafəni qorumalısan. Cənab Prezident qarşısında təkcə onu dinləyən jurnalisti görmədi. O həm də hörmətlə yaxınlıq arasında incə, lakin dəqiq məsafəni qoruyan jurnalisti görürdü. Təəssüf ki, bir çox jurnalist ya bu məsafəni düzgün qura bilmir, ya da onu gözardı edir. Halbuki jurnalistikanın peşəkarlığı məhz bu incə xətti ustalıqla qorumaqda üzə çıxır. Axı hər sözün və hər baxışın çəkisi olmalıdır. Məhz Mirşahin jurnalistikası burada təkcə informasiyanı ötürmədi, həm də öyrətdi.

Prezidentin mediaya yönəlmiş mesajı….

Müsahibə boyu Cənab Prezidentin Mirşahinə üz tutması diqqətimi çəkdi. Əlbəttə bu, təsadüf deyil. Deyə bilərsiniz ki, bu, sadəcə səmimi bir jestdir. Mən deyərdim ki, bu jesti təkcə səmimiyyət kimi izah etmək çətindir. Bu, açıq bir mesaj idi. Həm auditoriyaya, həm də xüsusilə mediaya!

Biz Mirşahin Ağayevi təkcə jurnalist rolunda deyil, 90-cı illərdən bu yana siyasi xaosu görmüş və bu ölkənin ən ağır mərhələlərinin canlı şahidi olmuş media nümayəndəsi qismində gördük. Və elə ona görə də Prezidentin ona yönələrək müraciət etməsi, əslində, bir mesajdan xəbər verir: “Bu dediklərimin canlı şahidi burada sizin aranızdadır”.

Beləcə, müsahibə yalnız xəbəri ötürməklə kifayətlənmədi, o, həm də Azərbaycan jurnalistinin peşəkarlıq nümunəsi idi.

Mission News Theme by Compete Themes.