Press "Enter" to skip to content

Dumanlı hava şəraiti ilə bağlı BDYPİ-dən xəbərdarlıq

Dumanlı hava şəraiti ilə bağlı BDYPİ-dən xəbərdarlıq

BAYRAQDAR MEDİA – Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu baxımdan BDYPİ yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Sonra xəbərdə, “piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar” deyə bildirilir.

BDYPİ bir daha vurğulayıb ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mission News Theme by Compete Themes.