Press "Enter" to skip to content

Türk dünyası şairləri bir araya gəlib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bursa Uludağ Universiteti (BUÜ) türk dünyasının mədəni bağlarını möhkəmləndirən mötəbər bir tədbirə ev sahibliyi edib. BUÜ nəzdində fəaliyyət göstərən Türk Dünyası və Mədəniyyəti Topluluğu ilə Gənc Qələmlər Topluluğunun birgə təşkil etdiyi “Türk dünyası şairlər buluşması” beş müxtəlif türk respublikasından gələn sənət adamlarını və çoxsaylı protokol nümayəndələrini bir araya gətirib.

Universitetdən verilən məlumata görə BUÜ Mühəndislik Fakültəsinin Dr. Arif Ağaoğlu Qabaqcıl Texnologiyalar Mərkəzi Laboratoriya Salonunda keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstandan olan şairlər öz əsərlərini Türkiyə türkcəsində və ana dillərində səsləndirərək iştirakçılara əsl dil bayramı yaşadıblar: “Tədbirdə BUÜ rektorunun müavini Prof. Dr. Zekeriyya Arı, Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Ayhan Sarsıcı, Osmangazi Bələdiyyəsi sədrinin müavini Murat Hoşgörü, Bursa Miqrasiya İdarəsinin müdiri Haşim Özcan, TÜDAM-ın direktoru Prof.Dr. Ferhat Kurtulmuş, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Şeir dinləmələri ilə yanaşı, Türk dünyasının zəngin musiqi irsi də səhnəyə daşınıb. BUÜ məzunu, Bursa Böyükşəhər Bələdiyyəsi Orkestr Şöbə Müdirliyinin Türk Xalq Musiqisi Bölməsinin saz ifaçısı Alim Hüseyinoğlunun ifa etdiyi türküdən sonra, BUÜ Təhsil Fakültəsinin Qazaxıstanlı tələbəsi Ayşe Yersinbek qazax milli musiqi aləti dombra ilə, BUÜ məzunu Çolpan Kambarova isə qırğız milli musiqi aləti komuz və türk dünyasına aid əsərlərlə tədbirə rəng qatıb. Həmçinin BUÜ Azərbaycan Mədəniyyət və İncəsənət Topluluğunun üzvləri Kəmalə Məmmədova və Amal Babayev təqdim etdikləri Azərbaycan xalq rəqsləri ilə böyük rəğbət qazanıblar”.

Proqram çərçivəsində Türk dünyasına verdikləri töhfələrə görə BUÜ-dən olan bir sıra şəxslər mükafatlandırılıb.

Mission News Theme by Compete Themes.