Tural İsmayılov: Azərbaycanın qalib mövqeyi və artan gücü ABŞ ilə münasibətlərin inkişafına yeni dinamika gətirir
BAYRAQDAR MEDİA – “Azərbaycanın son illərdə qazandığı uğurlar, xüsusilə Qarabağ müharibəsində əldə edilən qələbə, ölkənin siyasi və hərbi gücünü təsdiqlədi və onu regionda lider mövqeyə yüksəltdi. Enerji resursları və nəqliyyat layihələri Azərbaycanın iqtisadi gücünü artıraraq Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Multikultural dəyərlərə və diplomatik balans siyasətinə söykənən Azərbaycan həm İslam dünyası, həm də Qərb ilə körpü rolunu oynayaraq öz mövqeyini möhkəmləndirdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bu güc fonunda Azərbaycan – ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur: “Enerji əməkdaşlığı ABŞ üçün strateji əhəmiyyət daşıyır, çünki Azərbaycanın layihələri Avropanın Rusiyadan asılılığını azaldır. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq regionda sabitlik üçün vacibdir, terrorizmə qarşı mübarizə və sərhəd təhlükəsizliyi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Texnologiya və təhsil sahəsində ABŞ universitetləri və şirkətləri ilə əməkdaşlıq Azərbaycanın gənc nəsli üçün yeni imkanlar açır. Bu kontekstdə 8 avqust 2025-də Vaşinqtonda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş Azərbaycan – ABŞ münasibətlərində tarixi dönüş nöqtəsi oldu. Görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Tramp bu görüşü “tarixi sülh sammiti” adlandıraraq Ermənistan Baş naziri ilə birlikdə keçirilən müzakirələrin Cənubi Qafqazda uzun illər davam edən münaqişənin həllində yeni mərhələ açdığını vurğuladı”.
Politoloqların fikrincə, Azərbaycanın qalib mövqeyi və artan gücü ABŞ ilə münasibətlərin inkişafına yeni dinamika gətirir: “Vaşinqton görüşü üç əsas nəticə doğurdu: strateji tərəfdaşlıq sənədlərinin imzalanması, regional sülh təşəbbüsünün güclənməsi və enerji, təhlükəsizlik, iqtisadi sahələrdə daha geniş əməkdaşlıq imkanlarının açılması. Beləliklə, Azərbaycanın gücü onun diplomatik çevikliyi, enerji resursları və qalibiyyətlə möhkəmlənmiş siyasi iradəsindədir, Vaşinqton görüşü isə bu gücü beynəlxalq miqyasda təsdiqləyən tarixi hadisə kimi yadda qaldı”.





