BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladığı valilər haqqında sərəncam ilə 26 vilayətin valisi dəyişdirilib. 6 yanvar 2026-cı il tarixli və 2026/1 saylı qərara əsasən Eskişehir valisi Hüseyin Aksoy Vali – Mülkiyyə Baş Müfəttişi vəzifəsinə təyin edilib. Onun yerinə isə Osmaniye valisi Erdinç Yılmaz Eskişehir valisi təyin olunub.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir: “1976-cı ildə Adananın Karaisalı rayonunda anadan olan vali, doktor Erdinç Yılmaz ibtidai və orta təhsilini Adanada alıb. 1996-cı ildə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin Dövlət İdarəçiliyi bölümünü bitirib. Dövlət qulluğundakı fəaliyyətinə müəllimlik və Turizm Nazirliyində müfəttiş köməkçisi kimi başlayıb. 2000-ci ildə Daxili İşlər Nazirliyinin kaymakam namizədi imtahanını uğurla verərək mülki idarəçilik sahəsinə qədəm qoyub. Güzelyurt, Doğanyol, Karakoçan, İncesu və Ergani rayonlarında kaymakam vəzifəsində çalışıb. İngiltərədə xarici təcrübə keçib, dövlət idarəçiliyi və ictimai diplomatiya sahələrində müxtəlif təlimlər alıb”.
Məlumata görə, İnönü Universiteti və Eskişehir Osmangazi Universitetində magistratura və doktorantura təhsilini tamamlayaraq maliyyə elmləri üzrə doktor elmi dərəcəsi alıb: “2014–2018-ci illərdə Sivrihisar, 2018–2020-ci illərdə isə Tepebaşı kaymakamı, eyni zamanda Eskişehir vali müavini olub. Milli Təhsilə cavabdeh vali müavini kimi şəhərdə həyata keçirilən təhsil layihələrində fəal iştirak edib və bu fəaliyyətinə görə mükafatlandırılıb”.
Qeyd edək ki, Erdinç Yılmaz, 2018 və 2019-cu illərdə “İlin Kaymakamı”, 2023-cü ildə “İlin Valisi”, 2025-ci ildə “İlin Bürokratı” seçilib: “2020-ci ildə Osmaniye valisi təyin olunan E.Yılmaz, xüsusilə 6 fevral 2023-cü il Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra apardığı böhran idarəçiliyi ilə diqqət çəkib. İngilis dilini mükəmməl bilən vali Erdinç Yılmaz evlidir, iki övladı var. Onun həyat yolundan bəhs edən “O Şimdi Vali” adlı bioqrafik roman 2022-ci ildə nəşr olunub”.





