BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada iki kurqan – Sarıçoban və Bəyimsarov kurqanları haqqında məqalə yaradıb.
Kurqanlarla bağlı BAYRAQDAR MEDİA-ya məlumat verən X.Məmmədli qeyd edib ki, Sarıçoban kurqanı Ağdam rayonu, Xındırıstan kənd inzibati ərazi dairəsinin Sarıçoban kəndinin cənub və cənub-qərb hissəsində son tunc-ilk dəmir dövrünə aid arxeoloji abidə, torpaq kurqanıdır: “Sarıçoban kurqanını digər kurqanlardan fərqləndirən cəhəti dörd cəhətə uyğun xaç quruluşlu qəbir kamerasının aşkar edilməsi idi ki, bu da onu indiyə qədər Qafqaz və hətta yaxın Şərq aləmində məlum olan qəbir abidələrindən kəskin surətdə fərqləndirir. Kurqan 1986-cı ildə Azərbaycanın tanınmış arxeoloqu, professor Hidayət Cəfərov tərəfindən tədqiq edilib”.
O bildirib ki, Bəyimsarov kurqanı isə Qarabağın Tərtər rayonu, Tərtərçay hövzəsinin orta axarı, Bəyimsarov və Sarov kəndləri arasında Bəyimsarov kəndi ərazisində orta hündürlüyü 7-10 m, diametri 50-100 m arasında olan son tunc-ilk dəmir dövrünə aid arxeoloji abidə, kurqandır: “Qarabağda tədqiq olunmuş kurqan abidələri içərisində dövr etibarilə Bəyimsarov kurqanı daha çox Dovşanlı, 5-ci Qarabulaq kurqanı, müəyyən qədər Sarıçobana yaxınlaşır. Məlum olduğu kimi həmin abidələr, son tədqiqatlarla Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf dövrünə, e.ə.XII-XI əsrlərə aid edilir. Bəyimsarov üçün xronoloji çərçivə e.ə. XI-X əsrlər və ya e.ə.XI əsr qəbul edilə bilər. Burada da tədqiqat işləri 1985-ci ildə arxeoloq Hidayət Cəfərov tərəfindən aparılıb və tədqiq edilib. Bu kurqanların Vikipediya səhifələrinin ərsəyə gəlməsində Hidayət müəllim mənə çox dəstək oldu. Onun mənə verdiyi mənbələr və materiallar əsasında bu kurqanların Vikipediya səhifəsini ərsəyə gətirmişəm. Ona görə də Hidayət müəllimə sonsuz minnətdaram”.





