Press "Enter" to skip to content

Güney Azərbaycan təşkilatlarının ləngliyinin səbəbləri

Dr. Məmmədrıza Heyət

Dr. Məmmədrza Heyət: Əsas problem metod, legitimlik və hazırlıq çatışmazlığıdır

BAYRAQDAR MEDİA – “Bu vəziyyət ilk baxışda ziddiyyətli görünə bilər. Lakin məsələ dərindən incələndikdə bunun bir seçimdən çox, tarixi və struktur səbəblərin nəticəsi olduğu aydın olur”.

Bunu BAYRAQDAR MEDİA-nın “xaricdəki Güney Azərbaycan təşkilatları son olaylar fonunda niyə daha fəal görünmürlər” sualını cavablandıran Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrza Heyət deyib.

“Necə bir siyasi düzən istəyirik?” sualı isə çox vaxt təxirə salınıb

O, qeyd edib ki, əvvəla, diasporadakı Güney Azərbaycan siyasi təşkilatları uzun illər müdafiə refleksi ilə fəaliyyət göstərmək məcburiyyətində qalıblar: “İrandakı repressiv siyasi mühit bu qurumların əsas enerjisini “nəyə qarşı olduqlarını” ifadə etməyə yönəldib. “Necə bir siyasi düzən istəyirik?” sualı isə çox vaxt təxirə salınıb. Nəticədə siyasi fəaliyyət reaktiv, yəni hadisələrə cavab verməyə yönəlmiş bir xarakter daşıyıb. İkinci səbəb ondan ibarətdir ki, alternativ irəli sürmək yüksək risk daşıyır. Konkret siyasi model təklif etmək konstitusiya quruluşu, idarəetmə forması, mərkəzlə yerli idarəetmələr arasındakı münasibətlər, dil hüquqları və siyasi təmsilçilik kimi məsələlərdə açıq mövqe tutmaq deməkdir. Bu isə bir tərəfdən İran rejiminin birbaşa hədəfinə çevrilmə riskini artırır, digər tərəfdən isə diasporanın öz daxilində mövcud olan fikir ayrılıqlarını açıq şəkildə üzə çıxarır. Bir çox təşkilatlar bu riskləri nəzərə alaraq daha təhlükəsiz, lakin qeyri-müəyyən bir dili üstün tutublar”.

Beynəlxalq platformalara müraciət edildikdə avtomatik olaraq “kimin adından danışırsınız?” sualı ortaya çıxır

Müsahibimiz qeyd edib ki, üçüncü mühüm amil legitimlik problemidir: “Beynəlxalq platformalara müraciət edildikdə avtomatik olaraq “kimin adından danışırsınız?” sualı ortaya çıxır. Diasporada hələlik bütün kəsimləri əhatə edən, geniş qəbul olunmuş vahid təmsil mexanizmi formalaşmadığı üçün, edilən müraciətlər ya məhdud təsir göstərir, ya da beynəlxalq aktorlar tərəfindən ciddi qəbul edilmir. Bu vəziyyət bir çox təşkilatı ehtiyatlı davranmağa məcbur edib. Dördüncü səbəb isə beynəlxalq sistemin seçici xarakteridir. Beynəlxalq qurumlar adətən aydın proqramı olan, davamlı struktura malik və vahid təmsilçisi bulunan aktorlarla işləməyə üstünlük verirlər. Parçalanmış, bir-biri ilə uzlaşmamış və institusional baxımdan zəif qurumlar bu platformalarda real qarşılıq tapa bilmirlər. Bu reallıq bəzi təşkilatlarda “nəticə əldə olunmayacaq” düşüncəsini daha da gücləndirib. Bununla belə, vurğulamaq lazımdır ki, bu vəziyyət qaçılmaz deyil”.

Nəticə etibarilə problem istəksizlikdən qaynaqlanmır

Vurğulanıb ki, bu gün əsas məsələ rejim mübahisələrinə ilişib qalmaq yox, prinsiplər əsasında alternativ bir siyasi çərçivə formalaşdırmaqdır: “Belə bir çərçivə bərabər vətəndaşlıq anlayışına, ana dilin ictimai sahədə azad və hüquqi şəkildə istifadəsinə, legitim və effektiv siyasi təmsilçiliyə, eləcə də hüquqa əsaslanan və çoxtərəfli siyasi sistemə söykənməlidir. Belə bir prinsipial çərçivə formalaşdıqdan sonra beynəlxalq platformalara müraciət etmək həm məntiqi, həm də təsirli olar. Çünki beynəlxalq aktorlar konkret rejim modellərindən daha çox, haqlar, hüquqlar və siyasi təmsilçilik tələbləri ilə maraqlanırlar. Nəticə etibarilə problem istəksizlikdən qaynaqlanmır. Əsas problem metod, legitimlik və hazırlıq çatışmazlığıdır. Bu boşluqlar doldurulmadan edilən hər bir çıxış simvolik səviyyədə qalmağa məhkumdur. Doğru zəmin qurulduğu təqdirdə isə həm real alternativ irəli sürmək, həm də beynəlxalq miqyasda etibarlı və ciddiyə alınan bir tərəf olmaq mümkündür”.

Mission News Theme by Compete Themes.