Press "Enter" to skip to content

Təkcə rejim dəyişikliyi ilə bu zülmlər bitməyəcək

Araz Ataxan

Araz Ataxan: Güney Azərbaycan oyanıb, hazırdır və öz vaxtını yaradır

BAYRAQDAR MEDİA – “İranın digər bölgələrində etirazlar olduğu halda, niyə Güney Azərbaycan təşkilatlarının kütləvi şəkildə küçəyə çağırış etməməsinin dərin tarixi və siyasi səbəbləri var. Güney Azərbaycan xalqı keçmişdə yaşadıqlarından dərs almışdır. 1905–1906-cı illər Məşrutə inqilabında və 1979-cu il İran İslam inqilabında türklər ən çox bədəl ödəyən, amma nəticədə ən çox zərər çəkən millət olmuşdur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan deyib.

Güney Azərbaycan türkləri həm inqilab üçün qan verib, həm də uduzan tərəf olublar

Onun sözlərinə görə, Güney Azərbaycan türkləri həm inqilab üçün qan verib, həm də uduzan tərəf olublar: “Azərbaycan türkləri bu 100 illik mübarizədə nəinki öz milli haqlarını əldə edə bilmədilər, əksinə, daha ağır işğal və istismara məruz qaldılar. Güney Azərbaycan eyni zamanda 21 Azər inqilabını və onun sonrasında baş verənləri çox yaxşı xatırlayır. 1945-46-cı illərdə Güney Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoyduqda, Pəhləvi rejimi federal müqavilə bağlasa da, bunu ağır zorakılıqla boğdu. 21 Azərdən sonra minlərlə insan qətlə yetirildi, sürgün edildi, ana dilində təhsil və milli institutlar dağıdıldı. Bu zülm təkcə bir hökumətə deyil, bir millətə qarşı yönəlmişdi və onun izi bu gün də xalqın yaddaşında yaşayır”.

İran müxalifəti demokratik cərəyanlar deyil, anti-türk və anti-Azərbaycan siyasi axımlardır

O, bildirib ki, 1979-cu ildən bu günə qədər İran rejimi Azərbaycan xalqına qarşı zülmü davam etdirdi: “Eyni zamanda, İran müxalifətində olan siyasi cərəyanlar da əslində Azərbaycan türklərinin daha ağır şəkildə basdırılması mövzusunda rejimi tənqid etmirdilər.

Son illərdə molla rejiminə qarşı Güney Azərbaycanda milyonluq aksiyalar keçirilib, lakin bunların hamısı həm rejim, həm də müxalifət tərəfindən təhrif edilib, basdırılıb. İran müxalifəti demokratik cərəyanlar deyil, anti-türk və anti-Azərbaycan siyasi axımlardır. Məhz bu səbəbdən Güney Azərbaycan xalqı plansız, nəzarətsiz küçə hərəkatlarının ağır bədəlini çox yaxşı bilir. Xalq bir daha başqalarının gündəmi uğrunda öz varlığını riskə atmaq istəmir. Onlar bilirlər ki, təkcə rejim dəyişikliyi ilə bu zülmlər bitməyəcək. Bu ehtiyatlı yanaşma qorxaqlıq deyil, tarixi təcrübədən doğan siyasi şüurdur”.

Güney Azərbaycan xalqının haqlı mübarizəsi Batı siyasi dairələrində legitim bir mübarizə kimi qəbul edilir

A.Ataxanın sözlərinə gğrə, Güney Azərbaycan üçün problem rejim dəyişməkdən daha dərin yerlərdədir: “Onların mübarizəsi dövlətçilik davasıdır. Nə keçmiş rejimlər, nə də müxalifətin təqdim etdiyi modellər Güney Azərbaycanın milli haqlarını, özünüidarə, dil və kimlik tələblərini təmin edir. Lakin “Güney Azərbaycan təşkilatları susur” iddiası reallığı əks etdirmir. Bir çox təşkilat etiraz çağırışları edib, lakin bunu öz milli şüarları, simvolları və siyasi xətti ilə həyata keçirməyə çalışıb. Onlar artıq rejim sonrası dövr üçün konkret yol xəritələri hazırlayıb və beynəlxalq səviyyədə təqdim ediblər. Güney Azərbaycan siyasi təşkilatları uzun illərdir ABŞ, Avropa ölkələri və digər demokratik dövlətlərlə müxtəlif səviyyələrdə təmasdadırlar. Bu təmaslar nəticəsində Güney Azərbaycan xalqının haqlı mübarizəsi Batı siyasi dairələrində legitim bir mübarizə kimi qəbul edilir. Lakin təhlükəsizlik səbəbilə bir çox fəaliyyət açıq mediaya çıxarılmır”.

Bu gün Güney Azərbaycan susmur və təslim olmayıb

Müsahibimiz qardaş Türkiyə və Azərbaycan dövlətinin Güney Azərbaycan türklərinə dəstək verəcəyinə böyük ümidlə yanaşdıqlarını deyib: “Bu iki dövlət regionun birbaşa aktorlarıdır, Güney Azərbaycanla ortaq tarixə, mədəniyyətə, dilə və etnik kimliyə malikdirlər. Bölgədə baş verən proseslərdən ən çox təsirlənəcək tərəflər də məhz onlardır. Son olaraq onu deyim ki, bu gün Güney Azərbaycan susmur və təslim olmayıb. O, tarixi fəlakətlərdən çıxardığı dərslə müdrik, məsuliyyətli və təşkilatlı bir mübarizə aparır. Bu mübarizə təkcə bir rejimə qarşı deyil, öz taleyini öz əli ilə yazmaq, öz dilində danışmaq və öz torpağında azad yaşamaq həqiqəti uğrunda davam edən dövlətçilik mübarizəsidir. Böyük nüfuzu, dövlətçilik təcrübəsi və ən əsası – güclü öz dövləti Azərbaycan və qardaş Türkiyə ilə tarixi-strateji bağı onun ən böyük gücüdür. Güney Azərbaycan milli hərəkatı çox güclüdür və Azərbaycan türklərinin oyanışı artıq qarşısıalınmaz bir həqiqətdir. O, küçəyə plansız çıxmaqdan çəkinən deyil, addımlarını ağılla atan, öz gələcəyini özü qurmaq iradəsini daşıyan bir xalqdır. Onun üçün gələcək yalnız rejim dəyişikliyi deyil, milli taleyin bərpasıdır”.

A.Ataxan sonda “Gələcək bizimdir. Çünki biz yalnız keçmişin ağrılarını daşımırıq; biz onun dərslərini, qəhrəmanlıqlarını və dirçəliş iradəsini də miras almışıq. Güney Azərbaycan oyanıb, hazırdır və öz vaxtını yaradır” deyə əlavə edib.

Mission News Theme by Compete Themes.