Press "Enter" to skip to content

“Bronobel” Şirkəti: Bakı nefti və oğurlanan millət haqqı

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Azərbaycan tarix boyu malik olduğu coğrafi və strateji mövqeyi ilə yanaşı, XIX əsrdən etibarən yeraltı sərvətləri sayəsində də diqqət mərkəzinə çevrilməyə başlamışdır. Bakı, demək olar ki, böyük neft şirkətlərinin rəqabət meydanına çevrilmişdi. Azərbaycanı işğal altında saxlayan Rusiya isə Bakı neftini xarici şirkətlərə peşkəş edirdi. Bu şirkətlərdən biri və ən böyüyü “Bronobel”, yəni “Nobel Qardaşlarının Neft İstehsalı Şirkəti” idi.

…Silah qundaqlarının hazırlanması üçün ağac tapmaq məqsədilə Azərbaycana gələn Robert Nobel, alternativ ağac növlərinin mövcudluğunu görərək başqa bir sahəyə yönəlməyə qərar verdi. Bakıda Robertin diqqətini neft sənayesi cəlb etdi. Çünki buradakı neft həm daha səthi qatlarda yerləşirdi, həm də dünyanın bir çox bölgəsindəki neftlə müqayisədə daha keyfiyyətli idi. Bunu anlayan Robert Nobel Peterburqda yaşayan qardaşı Lüdviq Nobeli Bakı neftinə sərmayə qoymağa razı saldı.

…Nobel qardaşları 1878-ci ildə Bakının Sabunçu bölgəsində bir neft sahəsi satın alaraq qazıntı işlərinə başladılar. Daha sonra bu iş üçün kiçik bir neft emalı zavodu da aldılar. O dövrün imkanları ilə neft sahələrdən dəmir yollarına və ya limanlara çəlləklərlə daşınırdı. Bu isə istehsalın və daşınmanın xeyli ləngiməsinə səbəb olurdu. Lüdviq Nobel bu prosesi sürətləndirmək məqsədilə dünyada ilk dəfə olaraq nefti birbaşa sahələrdən dəmir yollarına və limanlara daşıyan boru xətləri inşa etdirdi. Bundan əlavə, dünyada ilk neft tanker gəmiləri də məhz Nobel qardaşlarının sifarişi ilə hazırlanmışdır. Bakı neftinin daşınmasında əldə edilən bu yeniliklərdən sonra Robert, Lüdviq və Alfred Nobel qardaşları birləşərək “Nobel Qardaşlarının Neft İstehsalı Şirkəti”ni qurdular.

…Şirkət neft istehsalını günbəgün artıraraq bütün Rusiyanın neft tələbatını qarşılayacaq səviyyəyə çatdı. Bu prosesdə Rotşildlərlə əməkdaşlıq edən Nobel qardaşları ən böyük rəqibləri olan Rokfellerin “Standard Oil” şirkətini də geridə qoydular. Nobel qardaşlarının bu yüksəlişi bolşeviklərin hakimiyyətə gəlişinə qədər davam etdi.

İndi isə əsas məsələyə keçək. Bəli, Nobel qardaşları işlərində fasilə yaranmaması üçün öz işçilərinin həyat şəraitini müəyyən qədər yaxşılaşdırmaq istiqamətində addımlar atmışdılar. Bakıda onların bəzi müsbət sayılacaq fəaliyyətləri də olmuşdur. Lakin bütün bunlar onlara başqa bir ölkəyə gəlib başqasının sərvətini mənimsəmək, onun hesabına varlanmaq və qazanılan pulları həmin ölkədə saxlamayıb başqa ölkələrə daşımaq haqqı vermir.

“Nobel” deyildikdə şübhəsiz ki, hamımızın ağlına Nobel mükafatları gəlir. Bilməyənlər üçün qeyd edək ki, Nobel mükafatları Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və hər il dünyada fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində uğur qazanan şəxslərə təqdim olunur. Bu məqsədlə yaradılan Nobel Fondunun maliyyə əsaslarının bir hissəsi də Bakı neftindən əldə edilən gəlirlər hesabına formalaşmışdır. Yəni Nobel qardaşlarının uğurları təkcə onların şəxsi təşəbbüslərinin deyil, eyni zamanda Azərbaycan neftinin və Bakı işçilərinin zəhmətinin nəticəsidir.

Lakin təəssüf ki, bu ölkənin sərvətləri hesabına varlandıqları halda, sonradan bu torpaqların insanı, elmi və inkişafı üçün demək olar ki, heç bir töhfə verməmişlər. Bu baxımdan, digər müstəmləkəçi şirkətlər kimi, tarixdə öz yerlərini almışlar.

Mission News Theme by Compete Themes.