Press "Enter" to skip to content

Kaskadyor: Onlar real döyüş meydanında, biz isə kino meydanında döyüşürük – VİDEO

Sain Fərhad Fərmanlı
Sevil AKİFQIZI
Sevil AKİFQIZI

BAYRAQDAR MEDİA bu dəfə peşəkar kaskadyor, döyüş xoreoqrafı və aktyor Sain Fərhad Fərmanlının özəl müsahibəsini təqdim edir.

-Sain bəy, adınız bir qədər fərqli səslənir. Yəqin ki, bunun fərqindəsiniz. Maraqlıdır, bu adın arxasında hansı hekayə var?

-Əslində adımın fərqli olması mənim üçün üstünlükdür. Belə vəziyyətdə qiymətləndirirlər. Adımı atam seçib. Fərhad isə atamın adıdır. Atam əfşar türküdür, türklər də ya ata adı ilə tanınır, ya da ləqəb götürür.

-Açıq mənbələrdə bildirmisiniz ki, Azərbaycanla yanaşı İsrail, Ukrayna, ABŞ və Kolumbiyada xüsusi təyinatlılardan hərbi janr üzrə döyüş texnikaları öyrənmisiniz. Bu təcrübələr sizə nə qazandırdı və həmin biliklər Azərbaycan bədii film istehsalında real şəkildə istifadə olunubmu?

-Mən fərqli ölkələrdə təlimlərdə olmuşam, mütəxəssislərə müraciət etmişəm, bu sahədə xeyli bilik və təcrübə toplamışam. Hazırda Azərbaycanda bu işi ən yüksək səviyyədə bacaran mənəm və komandamdır. Azərbaycan filmlərində isə bu bilik və bacarıqlarımızdan istifadə etməmişik. Bu, ya prodüserlərin seçimi, ya da onların səhvi ilə bağlıdır. Çoxları peşəkarlarla işləmir. Çünki peşəkarın həm peşəkar tələbləri olur, həm də əməyinin qarşılığında qonorar istəyi. Həvəskarlarda isə belə deyil. Onlar filmə çəkilmək istəyir. Kimisi santexnik, kimisi taksi sürücüsüdür. Beş manat verib filmə çəkirlər. Bir də kadrda görürsən ki, avtomatı dal-qabaq tutub. Ona görə bizə qismət olmayıb ki, Azərbaycanda hansısa böyük layihədə bildiklərimizdən istifadə edək.

Sain Fərhad Fərmanlı
Sain Fərhad Fərmanlı

Təbii ki, xaricdə təcrübəmizdən çox istifadə edilib

-Bəs aldığınız qonorardan razısınız?

-Xaricdə işləyəndə hə, Azərbaycanda yox. Çünki Azərbaycanda qonorar aşağıdır. Digər tərəfdən, tez-tez gecikmələr olur. Buna görə də bu sahədə fəaliyyət göstərib nəyəsə ümid edərək yaşamaq çətindir. Xaricdə işləyənlər öz reputasiyalarını qorumağı üstün tutur. Bizimkilər üçün isə bunun önəmi yoxdur. Yoldan keçən birini gətirib işlədir və onun üzərindən pul qazanırlar. Azərbaycan kinosunda döyüş səhnələrinə görə məsuliyyət daşıyan, insafla yanaşan çox az insanlar – prodüserlər, rejissorlar var. Bilirsiniz, mən bunları deməklə nəsə dəyişmir. Əksinə, mənimlə düşmən olurlar. Çünki onların bir çoxu şəxsi maraqlarını güdür, Azərbaycan kinosunu düşünən isə demək olar ki, yoxdur. Yalançı vətənpərvərlər fikirləşmir ki, bizə düşmənlər baxar və bizim haqqımızda nə düşünər.

Döyüş səhnələri inandırıcı deyil…

-Yerli kino istehsalında döyüş səhnələrinin qurulması zamanı ölkənin əsgərini canlandıran aktyorların hazırlığını necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə, bizdə müharibə mövzusunda film çəkiləndə seçilmiş aktyorları hansısa hərbi hissəyə bir aylıq təlimə göndərirlər. İlkin bilik bazası olmayan aktyor üçün bu, az bir müddətdir. Mən illərdir bu sahəni öyrənirəm və tətbiq edirəm. Eləcə də ölkədən ölkəyə fərqlilikləri bilirəm və öz komandama öyrədirəm. Buna baxmayaraq elə fikirləşirlər ki, bizim hərbçilər nəsə foks edəcək, bunlar bir ayın içində hər şeyi öyrənəcək. Nəticədə də hər dəfə kobud səhvlərə yol verirlər. Mən deyərdim ki, əgər bir hərbçi bu məsuliyyəti öz üzərinə götürüb “bir aya öyrədəcəyəm” deyirsə, bu, ilk növbədə onun səhvidir. İkincisi isə, həmin şəxs çəkiliş zamanı bu səhvləri görür, amma rejissora bildirmirsə, bu da onun növbəti səhvidir. Kino sahəsinin öz mütəxəssisləri var. Biz mütəxəssis olaraq bu işi görürük, bunu bacarırıq və necə öyrətmək lazım olduğunu da bilirik. Bizim öz “səngərimiz” var, onların da öz səngəri. Onlar real döyüş meydanında, biz isə kino meydanında döyüşürük. Onların yanaşması əsgərə yönəlib, bizim yanaşmamız isə aktyora, yaradıcı insanlara. Bizim işimiz bu işi düzgün və inandırıcı şəkildə öyrətmək üzərində qurulub. Mən ustad dərsləri verəndə iştirak edən bəzi aktyorlar deyirdilər ki, sizin işiniz çox çətindir, amma kənardan baxanlara çox asan görünür. Əvvəllər biz kaskadyorlara “massofka” kimi baxırdılar. Türklər buna “figüran” deyir. Yəni kütləvi səhnədə oynayan qeyri-peşəkarlar. Neçə illərdir sahəmizi bu cür təqdim edərək gözdən salıblar. Mən çox çalışıram ki, bu düşüncə dəyişsin. Bizimlə işləyənlər bunu görür. Bilirsiniz, peşəkarlıq təkcə fiziki hərəkətləri düzgün etməklə yekunlaşmır. Peşəkarlar hazırlıq və çəkiliş dövründə nizam-intizam, düzgün davranış, effektiv ünsiyyət və münasibət qurmağı bacarmalıdırlar. İntizamlı olmaq lazımdır. İnsanlar sənə, işinə ciddi yanaşmalıdır.

Sain Fərhad Fərmanlı
Sain Fərhad Fərmanlı

Filmlərdəki döyüş səhnələrini Biləcəridən kənarda göstərə bilmərik

-Gəlin bir qədər açıq danışaq. Azərbaycan əsgərini, döyüşçüsünü ekranda qeyri-peşəkar və inandırıcı olmayan formada göstərmək milli imicə zərbə sayıla bilərmi?

-Təbii ki. Əgər xalqımız bizim filmlərdə pisi yaxşıdan, yaxşını pisdən ayıra bilməsə idi, heç kim deməzdi ki, Azərbaycan filmində döyüş səhnələri bərbad gündədir. Deməli, insanlar görür və bilir ki, bu səhnələr keyfiyyətli deyil. Milli imicə zərbə məsələsinə gələndə isə deyə bilərəm ki, biz o filmlərdəki döyüş səhnələrini Biləcəridən kənarda göstərə bilmərik, biabırçılıqdır. Bütün dünyada rüsvay olarıq. Göstərdiyimiz xüsusi təyinatlıların hərəkətləri bizə yaraşmır. Biz dünyada ən güclü ordulardan birinə malik ölkəyik və bu gücümüzü də layiqincə əks etdirməyi bacarmalıyıq.

-Mediada Ceki Çan (Jackie Chan) və onun komandası ilə əlaqələrinizin olduğunu dəfələrlə eşitmişik. Bu, bir çoxları üçün ölkəni tərk edib beynəlxalq arenaya çıxmaq üçün kifayət edərdi. Sizdə vəziyyət necədir?

-Bir neçə dəfə ölkəni tərk etmişəm, sonra isə müəyyən səbəblərdən geri qayıtmışam. Hər dəfə nəyəsə ümid etmişəm, söz verənlər çox olub. Bir sözlə, sözdən başqa mənə heç nə verməyiblər. Zamanla başa düşdüm ki, bu ölkədə hər şey yalnız masa arxasında danışılan ana qədərdir. Masadan qalxan kimi bütün vədlər unudulur, hamısı boş sözə çevrilir.

Biz cəmiyyət olaraq buna hazır deyilik

-Demisiniz ki, “Uzaq sahillərdə” filmindəki səhvlər bu gün də davam edir. Biz niyə deyişmək istəmirik?

-Bir müddət əvvəl bir layihə həyata keçirdim. Məqsədim köhnə Azərbaycan filmlərində və yeni filmlərdə döyüş səhnələrini təhlil etmək idi. Nəticədə gördüm ki, biz cəmiyyət olaraq buna hazır deyilik. Bilirsiniz, bizdə hər hansı aktyoru bütləşdirmə var, onun səhvini deyəndə qəbul etmək istəmirlər. Hazırda fəaliyyət göstərən kaskadyorlar var ki, kobud səhvlərini açıb göstərmişəm. Onlar isə yazıb deyirdi ki, “5–10 manat çörəyimizi qazanırıq, camaat onsuz da bunları başa düşmür, sən insanların gözünü açırsan”. Məndən videoları silməyimi xahiş edirdilər. Cəmiyyətdən dəstək görmədiyim üçün də layihəni dayandırdım.

-Hər hansı yerli layihədə baş verən qəza və ya yaralanma hallarında tibbi təminatla nə dərəcədə təmin olunursunuz?

-Azərbaycanda bu məsələlərlə ən yaxşı şəkildə işləyən Mədəniyyət Nazirliyi və Baku Media Center-dir. Digərlərində tez-tez problem yaranıb. Elə çəkilişlərimiz olub ki, dərmanları özüm alıb işçilərə, kaskadyorlara, hətta yaralanmış atlara baxmışam. Halbuki mən eləməli deyildim. Bəzi hallarda tibbi yardım maşını son 3-4 gündə gəlib. Elə hallar da olub ki, ümumiyyətlə təcili tibbi yardım maşını və həkimi ilə təmin olunmamışıq. Xaricdə işlədiyim layihələrdə isə belə bir vəziyyətlə heç vaxt qarşılaşmamışam.

Kaskadyor məktəbi yoxdur…

-Bu sənət üçün mütləq bir məktəb olmalıdır. Hazırda Azərbaycanda vəziyyət necədir? Gənclər kaskadyorluğu hansı yollarla öyrənir?

-Azərbaycanda kaskadyorluğu öyrədən məktəb yoxdur. Mən bu sahədə məktəbi ictimai birlik kimi rəsmiləşdirməyə çalışıram. Amma proses asan olmadığı üçün müəyyən çətinliklər ortaya çıxıb. Hələ ki, bu məqsədlə konkret və davamlı dəstək verə biləcək bir insanla qarşılaşmamışam. Mədəniyyət Nazirliyinə isə müraciət etmişəm və onlar da sağ olsunlar ki, ictimai birliyi rəsmiləşdirmək üçün dəstək məktubu veriblər. Proses yavaş-yavaş irəliləyir və ümid edirəm ki, bir gün reallaşacaq. İstəyirəm ki, bu mərkəz dünya arenasına çıxacaq səviyyədə olsun.

-Gördüyünüz işlərlə bağlı kitab çap etdirmək niyyətinizin olduğunu bildirmisiniz. Oxucularda aydınlıq yaratmaq üçün soruşmaq istəyirəm. Bu kitabın məzmunu və təxmini nəşr vaxt ilə bağlı məsələlər hansı mərhələdədir?

-Bu kitab döyüş xoreoqrafının və kaskadyorun işinə həsr olunub. Filmlərdə döyüş səhnələrinin quruluşu, kompozisiyası və texniki tərəfləri, həmçinin bu sahəni öyrənmək istəyənlərin bilməli olduğu əsas məqamlar əhatə olunur. Kitabı tələsmədən yazıram ki, real təcrübəmə əsaslanan, praktik və yolgöstərən bir mənbə olsun. Kitabın iki – Azərbaycan və ingilis dillərində çapı nəzərdə tutulur. Maliyyə məsələsi hələ ki, bilinmir. Sponsor tapılsa, Azərbaycanda nəşr ediləcək, əks halda yalnız ingilis dilində və xaricdə çap olunacaq. Açığı, hansı ölkədə maraq olarsa, nəşr də orada həyata keçiriləcək. Kimsənin arxasınca düşüb yalvarmaq fikrim yoxdur. Sadəcə təklif edəcəyəm.

-Sizə uğurlar arzulayırıq.

-Təşəkkür edirəm.

Mission News Theme by Compete Themes.