Press "Enter" to skip to content

Peşə Təhsil Mərkəzində maraqlı təşəbbüs

Gənclərə meydan vermək lazımdır

BAYRAQDAR MEDİA – Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində bir layihə çərçivəsində qruplarda tələbələrlə görüş keçirilib. Layihənin əsas məqsədi mərkəzdə Tələbə Gənclər Təşkilatının yaradılması olub.

Bildirilir ki, görüşlər 1 və 2-ci kurslar üzrə təhsil alan şagirdlərlə keçirilib, istedadlı gənclərin aşkar olunmasına başlanılıb. Görüşlər zamanı hər bir tələbənin öz fikir və bacarıqlarını ifadə etməsinə imkan yaradılıb. Nəticədə musiqi, dərzilik, idman, rəssamlıq, aktyorluq, gözəl səsə malik olan, şeir deyən və heykəltəraşlıq qabiliyyəti olan şagirdlər müəyyən edilərək siyahıya alınıb.

Aparılan müşahidələr gözlənilməz və sevindirici nəticə verib. Məlum olub ki, demək olar hər bir şagird öz daxilində müəyyən istedad daşıyır. Şagirdlərə bu bacarıqları inkişaf etdirə biləcəkləri bildirildikdə, onlar bu işə daha böyük həvəs və sevgi ilə yanaşıb, öz üzərlərində çalışmaq və inkişaf etmək istəklərini ifadə ediblər.

Qeyd olunur ki, layihə olduqca effektivdir. O həyata keçiriləcəyi təqdirdə şagirdlər öz fəaliyyətlərini daha həvəslə icra edəcək, eyni zamanda zərərli vərdişlərdən uzaq qalacaqlar. Tələbə Gənclər Təşkilatı qurulduqdan sonra peşə təhsili daha da inkişaf edəcək, tələbələr müxtəlif tədbirlərdə fəal iştirak edərək öz potensiallarını nümayiş etdirəcəklər.

Bu fəaliyyətlər tələbələrə əlavə stimul verəcək, onların həyatda yeni uğurlar əldə etməsinə, inkişaf səviyyəsinin yüksəlməsinə və yeni kadrların formalaşmasına səbəb olacaq. Tələbələrin məqsədyönlü düşünməsi və gələcək uğurları üçün mübarizə aparması əsas hədəflərdən biridir.

Biz müəllimlər üzərimizə düşən məsuliyyəti dərk etməli, hər bir şagirdin uğurunun gələcəkdə yüzlərlə şagird üçün nümunə olacağını unutmamalıyıq. Bu yolda dayanmadan çalışmalı, öyrənməli və öyrətməliyik. Hər bir kadr bizim üçün dəyərlidir. Vətənimizin inkişafı və bayrağımızın daim ucalarda dalğalanması naminə əzm və qətiyyətlə fəaliyyət göstərməliyik. Bizim mübarizəmiz hər bir insanın uğurlu həyata atdığı addımdır.

Layihənin ideyası və ərsəyə gəlməsi:

Tural Məmmədov – Mərkəzin direktoru
Ülkər Lətifova – Mərkəzin psixoloqu
Elçin Ağasiyev – müəllim, qrup rəhbəri

Yazdı: Elçin Ağasiyev

Mission News Theme by Compete Themes.