Press "Enter" to skip to content

Quzey Azərbaycandan İranda baş verənlərlə bağlı mövqe

Təbriz şəhəri

BAYRAQDAR MEDİA – İranda baş verənlər və bunun Güney Azərbaycana, ümumilikdə İran türklərinə təsiri Azərbaycan Respublikasında da ciddi şəkildə diqqətdə saxlanılır. Bu baxımdan bir sıra qurumlar Güney Azərbaycanla bağlı mövqe ifadə edir, oradakı türklərin tək olmadığını göstərir. Belə mövqe ifadələrindən birini də redaksiyamıza Böyük İdeallar Araşdırma Mərkəzinin İdarə Heyəti adından sədr Zəlimxan Məmmədlidən daxil olub:

Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) İranda baş verən proseslər və soydaşlarımızın mövqeyi ilə bağlı Bəyanatı

Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) İranda son dövrlərdə müşahidə olunan ictimai-siyasi prosesləri diqqətlə izləyir və bu proseslərin ölkədə tarixən məskunlaşmış milyonlarla soydaşımızın taleyinə birbaşa təsir göstərdiyini qeyd edir.
BİAM hesab edir ki, mövcud şəraitdə soydaşlarımızın mövqeyi emosiyaya deyil, strateji məsuliyyətə, qısa reaksiyalara deyil, uzunmüddətli milli maraqlara əsaslanmalıdır.

BİAM İdarə Heyəti insan hüquqları və təhlükəsizliyin prioritet olduğunu bildirməklə, dinc etiraz, ifadə azadlığı və insan ləyaqətinin qorunmasını fundamental dəyər hesab edir. Eyni zamanda bildirir ki, indiki zamanda soydaşlarımızın fiziki təhlükəsizliyi, sosial sabitliyi və gələcək imkanları hər cür siyasi romantizmdən üstün tutulmalıdır.

BİAM vacib hesab edir ki, milli tələblər sivil və hüquqi müstəvidə ifadə olunmalıdır.

Dil, mədəniyyət, təhsil, regional inkişaf və sosial ədalət kimi məsələlər soydaşlarımızın təbii və legitim hüquqlarıdır. Bu tələblərin sivil, hüquqi və cəmiyyətə açıq formada səsləndirilməsi milli mövqeni gücləndirir, repressiya risklərini isə azaldır.

BİAM hesab edir ki, radikalizm və zorakılıq milli maraqlara ziddir. BİAM silahlı, zorakı və radikal çağırışları doğru yol hesab etmir. Bu cür yanaşmalar soydaşlarımızı hədəfə çevirir, milli məsələni təhlükəsizlik problemi kimi təqdim etmək istəyən dairələrin əlini gücləndirir.

BİAM xarici manipulyasiyalara qarşı ayıq-sayıq olmağı vacib hesab edir. İranda baş verən proseslərin müxtəlif geosiyasi maraqların toqquşma nöqtəsinə çevrilməsi ehtimalı nəzərə alınmalıdır. Soydaşlarımız heç bir xarici gücün alətinə çevrilməməli, öz mövqelərini milli iradə və daxili legitimlik üzərində qurmalıdırlar.

BİAM impulsiv qərarları səhv hesab etməklə, bildirir ki, bu mərhələdə ən doğru yol səbrli, planlı və ağıllı mövqedir. Qalibiyyət ani siyasi nəticələrdə deyil, milli kimliyin qorunmasında, hüquqi mövqenin möhkəmlənməsində və gələcək üçün imkan pəncərəsinin açıq saxlanmasında ifadə olunur.

BİAM son olaraq soydaşlarımızı məsuliyyətli davranmağa, milli haqları sivil yollarla müdafiə etməyə, təhlükəsizliklərini və gələcək perspektivlərini hər cür riskli avantüradan üstün tutmağa çağırır. Unudulmamalıdır ki, milli mübarizə hisslərin deyil, ağlın, səbrin və strateji düşüncənin üzərində qurulduqda qalıcı nəticə verir.

Mission News Theme by Compete Themes.