Son yeniləmə: 21 Yanvar 2026
Prof. Dr. Burhan Sayılır: Məqsədimiz odur ki, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi Eskişehirdə türk dünyasının kiçik modeli olsun
BAYRAQDAR MEDİA – “Bakıya bu səfərimizin əsas məqsədi Anadolu Universitetinin Açıqöyrətim Fakültəsində təhsil alan azərbaycanlı tələbələr üçün ara imtahanların təşkili, eyni zamanda universitetimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin müvafiq qurumları ilə görüşlər keçirmək və məsləhətləşmələr aparmaq idi”.
Bunu BAYRAQDAR MEDİA-ya Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır deyib.
Martda yeni məkanda Mərkəzin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır
O, qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi artıq yeni dövr üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirib: “Anadolu Universitetinin rəhbərliyi Mərkəz üçün yeni bir məkan ayırıb və hazırda orada tamamlanma işləri aparılır. Bu ilin mart ayında həmin məkanda Mərkəzin rəsmi açılış mərasimini keçirməyi planlaşdırırıq. Təbii ki, bu mərasimdə Türkiyə ilə yanaşı, Azərbaycandan da müvafiq qurumların və rəsmi şəxslərin iştirakını arzu edirik. Keçirdiyimiz görüşlərdə – istər Diasporla İş üzrə Dövlət Komitəsində, istərsə də digər qurumlarda bu məsələni ətraflı müzakirə etdik. Görüşlər zamanı Heydər Əliyev Mərkəzinin fəaliyyəti, qarşıdakı dövrdə həyata keçirəcəyimiz layihələr və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdik. Eyni zamanda Azərbaycan tərəfi ilə birgə hansı sahələrdə əməkdaşlıq edə, hansı ortaq layihələri reallaşdıra biləcəyimizi də geniş şəkildə müzakirə etdik”.
Mərkəz çoxşaxəli və canlı bir intellektual-mədəni platformaya çevriləcək
Müsahibimiz qeyd edib ki, əslində, bu Mərkəz çoxşaxəli və canlı bir intellektual-mədəni platformaya çevriləcək: “Yəni biz Mərkəzi sadəcə formal bir struktur kimi deyil, sözün əsl mənasında humanitar, mədəni, siyasi və elmi müzakirələrin aparıldığı, müxtəlif tədbirlərin keçirildiyi bir mərkəz kimi planlaşdırırıq. Burada konfranslar, elmi simpoziumlar, film nümayişləri təşkil ediləcək, gələcəkdə isə hətta ortaq teatr tamaşalarının səhnələşdirilməsi də nəzərdə tutulur. Məqsədimiz odur ki, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi Eskişehirdə türk dünyasının kiçik modeli olsun”.
Burada türk dünyası ilə bağlı silsilə tədbirlər keçiriləcək
Burhan Sayılırın sözlərinə görə, Mərkəz, ilk növbədə, Anadolu Universitetində təhsil alan azərbaycanlı tələbələr, eləcə də türk dünyasının müxtəlif ölkələrindən gəlmiş gənclər üçün ortaq mədəni ocaq rolunu oynayacaq: “Burada türk dünyasının ortaq tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı, keçmişdə yaşadığı faciələr və qazandığı nailiyyətlər haqqında silsilə tədbirlər keçiriləcək. Bütün bunlar müxtəlif layihələr və proqramlar vasitəsilə həyata keçiriləcək. Mərkəzimizin fəaliyyətini iki mərhələdə planlaşdırmışıq.
Birinci mərhələdə əsas məqsədimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan gəncləri bir araya gətirməkdir.
İkinci mərhələdə isə fəaliyyətimizi genişləndirərək, türk dünyası ilə əməkdaşlığa maraq göstərən, onun tarixinə və mədəniyyətinə maraq duyan digər ölkələrin gənclərini də bu mərkəzin fəaliyyətinə cəlb etmək istəyirik. Məsələn, Pakistan, Albaniya və digər ölkələrdən türk dünyasına maraq göstərən gənclər müxtəlif tədbir və layihələrə dəvət olunacaqlar”.
Bu studiyalarda türk dünyasının müxtəlif ölkələrindən olan tanınmış yazıçı və dramaturqların əsərləri səhnəyə qoyulacaq
Vurğulanıb ki, Mərkəzin nəzdində ədəbiyyat oxuları, ədəbi gecələr, türkcə öyrənmə proqramları, mədəniyyət və musiqi dərnəkləri, teatr studiyaları da formalaşdırılacaq: “Bu studiyalarda türk dünyasının müxtəlif ölkələrindən olan tanınmış yazıçı və dramaturqların əsərləri səhnəyə qoyulacaq. Bir sözlə, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi həm türk dünyasından olan gənclərin, həm də türk dünyasına maraq göstərən digər ölkələrin gənclərinin bir araya gəldiyi, ortaq ideyalar ətrafında birləşdiyi canlı bir mədəni və intellektual ocaq olacaq. Bununla yanaşı, xüsusi bir tələbə inteqrasiya proqramı da hazırlamışıq. Bu proqram çərçivəsində Türkiyədən olan tələbələr Azərbaycan və digər türk dövlətlərindən gələn tələbələrlə bir araya gələcək, birə-bir prinsipi ilə onlar həm sosiallaşacaq, həm Türkiyə mədəniyyətini yaxından tanıyacaq, həm də qarşılıqlı şəkildə bir-birilərinə öz dillərini və mədəniyyətlərini öyrədəcəklər. Beləliklə, mədəni inteqrasiya təbii və səmimi şəkildə baş verəcək”.
Ortaq layihələrin reallaşdırılması da planlaşdırılır
Müsahibimiz daha sonra bildirib: “Ümumiləşdirsək, Mərkəzin əsas məqsədi-Türkiyə–Azərbaycan qardaşlığının daha da dərinləşməsinə töhfə vermək, ümumilikdə isə türk dünyasının və ona maraq göstərən xalqların mədəniyyətinin, tarixinin və kimliyinin gənc nəsillərə aşılanmasına xidmət etməkdir. Təbii ki, sadaladığımız fəaliyyətlərlə yanaşı, Mərkəzdən kənarda, lakin Mərkəzin təşəbbüsü və iştirakı ilə reallaşdırılacaq ortaq layihələr də planlaşdırırıq. Bu layihələri müxtəlif elmi mərkəzlər, ədəbi qurumlar və qeyri-hökumət təşkilatları ilə birlikdə həyata keçirməyi düşünürük. Xüsusilə Azərbaycandakı Heydər Əliyev mərkəzləri, türk dünyası və tarix-mədəniyyət mərkəzləri, eləcə də türk dünyasının mədəniyyətinə xidmət edən QHT-lərlə ortaq layihələr üzərində işləyəcəyik. İlk mərhələdə əsas prioritetimiz Azərbaycanla bağlı layihələr olacaq. Gələcəkdə isə fəaliyyətimizi digər türk dövlətlərinə də yaymaq niyyətindəyik. Hazırda bu istiqamətdə bir sıra qurumlarla ilkin danışıqlar aparılır. O cümlədən, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunur və yaxın gələcəkdə əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur. Bundan əlavə, universitetlər arasında fəaliyyət göstərən tarix, ədəbiyyat və mədəniyyət mərkəzləri ilə də ikitərəfli müqavilələr bağlanacaq və bu əsasda ortaq elmi və mədəni layihələr həyata keçiriləcək”.









