BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsraildə keçirilən Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində Qananın balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Artur ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd oıunur ki, “görüş zamanı nazirlər Azərbaycan və Qana arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, aqrar məhsulların ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və uzunmüddətli, dayanıqlı iqtisadi əməkdaşlığa zəmin yaradır. E.Artur Qananın Azərbaycanla ilk növbədə akvakultura sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb”.
Ardınca xəbərdə, “M.Məmmədov isə qeyd edib ki, Azərbaycan Afrika dövlətləri ilə müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Son dövrlərdə bir sıra Afrika ölkələri ilə aqrar sahə üzrə əməkdaşlıq memorandumlarının imzalandığını xatırladan nazir, Qana ilə də analoji sənədin imzalanmasını, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını təklif edib. M.Məmmədov əlavə olaraq Azərbaycanın aqrar sahədə tətbiq etdiyi qabaqcıl texnologiyaları və formalaşmış təcrübəni Qana tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib” deyə bildirilir.
Görüşdə, həmçinin aqrar təhsil sahəsində əməkdaşlıq, qanalı gənclərin Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





