Press "Enter" to skip to content

Pəhləvi tərəfdarları Kuzey Kıbrısda da “xortladı”

Pəhləvi tərəfdarları

Serdar Denktaşın aksiya keçirilən məkanda görünməsi isə heç də xoş olmadı

BAYRAQDAR MEDİA – Artıq 20 günə yaxındır ki İranda mövcud fars-molla rejimi əleyhinə etirazlar davam edir. İranın milli valyutasının sürətli şəkildə dəyər itirməsinə etiraz olaraq başlayan aksiyaların ilk günündən etibarən hakimiyyətin sərt üsula əl atması, prosesin qarşıdirmaya çevrilməsinə təkan verib.

Beləliklə, bu günə olan vəziyyət budur ki artıq tərəflər arasında ciddi və qanlı toqquşmalar baş verir. Rejimin əl atdığı silahlı cəzalandırma metodu nəticəsində bəzi mənbələrdə 5 min, bəzi mənbələrdə isə 12 min insanın öldürüldüyi barədə məlumatlar yayılır.

Serdar Denktaşın aksiya keçirilən məkanda çəkilən fotosu
Serdar Denktaşın aksiya keçirilən məkanda çəkilən fotosu

Bu arada isə İranda əgər fars-molla rejimi devrilərsə onları kimin, hansı qüvvənin əvəz edəcəyi sualına cavab axtarılır. Elə məhz bu fonda da Pəhləvi rejiminin tərəfdarlarının fəallığı, Avropa paytaxtlarında aksiya keçirmələri nəzərə çarpır. Lakin bizi maraqlandıran, daha doğrusu təəccübləndirən və təəssüfləndirən Pəhləvi rejimi tərəfdarlarının türk yurdu olan Kuzey Kıbrıs Türk Cümhuriyyətində də, belə deyək ki, “xortlaması” olub. Yəqin ki, KKTC-dən olan dostlar “bunu hər bir toplumun sakit formada aksiya keçirib, öz fikrini bildirmək hüququ var” kimi yozacaqlar. Olsun, biz o tərəfinə bir söz demirik.

Lakin məsələnin, birbaşa türklüklə bağlı məqamları var. Özü də bir deyil, iki məqam.

Əvvəla Pəhləvi rejiminin türklük düşməni olduğu, İranda Güney Azərbaycan türklərinə divan tutduğu, 1946-cı ildə 25 min Güney Azərbaycanlının qətlinə fərman verdiyi faktı bütün dünyaya məlumdur. Belə olan halda bu qanlı rejimin tərəfdarlarının KKTC-də boy göstərməsi, özü də kifayət qədər sayda görünməsi, həmçinin aksiyada KKTC bayraqlarının da qaldırılması heç xoş deyil.

İkinci təəssüf doğuran məqam isə odur ki, sosial şəbəkələrdə yayılan paylaşımda KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Denktaşın oğlu Serdar Denktaşın da aksiya keçirilən məkanda olmasıdır. Serdar Denktaşın birbaşa aksiyaya dəstək üçün ora getdiyi, yoxsa sadəcə aksiyanı təşkil edənlərin onu ora dəvət edib, bu fotonu çəkdiyi sualı hələ ki, açıq qalır. Yəqin ki, yaxın günlərdə bu suala dəqiq cavab olacaq.

Ancaq indiki halda onu deyə bilərik ki, KKTC-nin Qurucu Cümhurbaşqanın övladı, ən əsası özü də bir müddət xarici işlər naziri olmuş Serdar Denktaşın türkün qanını tökmüş Pəhləvi rejimi tərəfdarlarının aksiyasında görünməsi heç də yumşaq desək, xoş olmadı.

Mission News Theme by Compete Themes.