BAYRAQDAR MEDİA – Iğdırda şaxtalı havalar davam edərkən Migros mağazası əməkdaşlarından ürəkləri isidən bir xəbər gəlib. Öz imkanları ilə pişik evləri hazırlayan mağaza işçiləri üzərinə “Zəhmət olmasa zərər verməyin” qeydi yapışdıraraq bütün şəhərə insanlıq dərsi veriblər.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, qışın ən sərt keçdiyi bölgələrdən biri olan Iğdırda küçə heyvanları üçün ümidverici addım atılıb: “Şəhərdə fəaliyyət göstərən Migros filialının əməkdaşları işdən sonra bir araya gələrək küçə pişikləri üçün xüsusi sığınacaqlar qurublar. Mağaza qarşısında yerləşdirilən pişik evləri onları yalnız küləkdən və qardan qorumur. İşçilərin yaratdığı sistemlə bu yuvalara müntəzəm olaraq yem və təzə su qoyulur. Personal “Onlar da bu şəhərin sakinləridir, bu şaxtalı havada onları tək buraxa bilməzdik” deyərək həssaslıqlarını ifadə edib”.





