BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
Sözügedən İdarə bir daha bildirib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, habelə, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri qanunla yolverilməzdir və bu kimi hallara qarşı qətiyyətli tədbirlər görüləcək.





