Press "Enter" to skip to content

Dədəli lövhələri – 4

Azər HƏSRƏT

Dədəli Anaları Azərbaycan dilinin keşiyində

BAYRAQDAR MEDİA – Dədəli haqqında yazılar silsiləsinə başladığım bugünlərdə Azərbaycanda dövlət dilinin qorunması ilə bağlı müzakirələr yenidən gündəmdədir. Bu baxımdan düşündüm ki, bir zamanlar – hələ mən uşaq olanda Dədəlidə Azərbaycan dilinə münasibətlə bağlı bəzi xatirə və gözləmlərimi yazım.

Yadımdadır, mən məktəbdə oxuyanda həm evdə, həm də kənd içində tez-tez bir duruma tanıq olardım. Kimsə urus dilində tək bir kəlmə işlətsə, yaşlı adamlar ona dərhal “gavur” adı verərdilər. Kişilər işdə-gücdə olardı, evlərdə, bulaq başında bir çox hallarda qadınlar gözə dəyərdi. Gənc qız-gəlinlər heç, amma yaşlı xanımlar urusca söz işlədən birisini görən kimi ona irad tutardılar.

Urusca deyəndə də, Dədəlidə bu yad dildə danışmağa həvəsli adam yox idi əslində. Amma ara-sıra kimsə öz ağlınca “fərqlənmək” istəyirdi, onda da Ana dilimizin qoruyucusu olan yaşlı Analar ona dünyanın neçə bucaq olduğunu göstərərdilər…

…O dövrlərdə əsgərlik iki illik olardı. Üstəlik də gənclər minlərlə kilometr uzaqda əsgərlik çəkərdilər. İndiki kimi az qala hər gün zəng etmək imkanı olmurdu. Yalnız məktublaşmaq mümkün idi, o da həftələr, bəzən aylar çəkərdi. Ona görə də əsgərlikdən qayıdan olanda kənddə hamı ona maraqla baxar, bu qayıdış da ayrıca qeyd edilərdi. Təmtəraqla yəni…

…Aşağı siniflərdə oxuyurduq. Xalq arasında “Məxi” ayaması ilə tanınan bir gənc əsgərlikdən gəlmişdi. Biz də uşaq marağı ilə kəndin ortasında onun başına yığışmışdıq. İndi bu Məxi əsgərlikdə guya öyrəndiyi ruscanı nümayiş etdirmək üçün sinif yoldaşım İlqara qayıdasan ki, “kak familiya?” Özü də bunu elə ifadə etdi ki, az-çox ruscanı anlayan birisi kimi heç mən də onu başa düşə bilmədim. Yazıq İlqar da qayıtdı ki, “başa düşmədim, nə deyirsən?”. Məxi yenə də öz bərbad ruscasında soruşdu ki, “kak familiya?”. İlqar da, biz də heç nə amlamadıq. Axırda handan-hana başa düşdük ki, bu adam İlqardan soyadını soruşur. Guya tanıya bilməyib İlqarı, üstəlik də urusca öyrəndiyini göstərib öyünmək istəyirmiş. Amma o iki kəlməni o qədər bərbad ifadə edirdi ki, biz belə bunun arxada buraxıb gəldiyi iki ildə urus dilini öyrənə bilmədiyini anlamışdıq. Yeri gəlmişkən, ömrü uzun olsun, o Məxi hələ də Dədəlidə yaşayır və təbii ki, urusca bilmir…

Bu urus dili məsələsinin bir bənzəri də başqa bir gənclə baş vermişdi. O da əsgərlikdən gələndə taksi tutub Dədəliyə sürdürmüşdü. O vaxtlar məşhur olan GAZ21 Volga maşını ilə Dədəliyə gəlmişdi. Atasının adı Məmmədağa idi. İş ondadır ki, həmin Məmmədağa Dədəlinin yuxarı girişində yaşayırdı. Başqa bir Məmmədağa da vardı. O isə tarix müəllimi idi, mənə də dərs demişdi. Amma evi kəndin ortasında – məktəbin düz yanında idi. Əlbəttə ki, bir gənc iki illik əsgərlikdən sonra kiçik bir kənddə (o vaxt Dədəlidə 150-dək ev vardı, indi bu say 350-yə çatıb) öz evini unudacaq deyildi. Amma bu əsgərimiz də urus dilini öyrəndiyini göstərmək istədiyindən taksini bütün kənd boyu sürdürüb, yolda soruşub ki, “gde dom Mamedagi?”. Ona da Məmmədağa müəllimin evini göstəriblər. Bu gəncin də urus dili “sevgisi” beləcə dillər əzbəri olmuşdu…

Bir də mənim ana babamın əmoğlularından biri eyni şəkildə urus dili öyrəndiyini nümayiş etdiribmiş haçansa. Bəlkə də 80 və ya 90 il öncə. Bunu rəhmətlik anam danışardı. Deyərdi ki, əmimiz əsgərlikdən gəlib, Qusarçay stansiyasında qatardan düşüb. Guya Dədəli yolunu unudubmuş. Ona görə də Qusarçay yolunda qarşılaşdığı ağsaqqallara qayıdıb ki, “gde Dadalinskaya doroga?”. Kişinin oğlu guya Azərbaycan dilini də unudubmuş. Ağsaqqallar da baxır ki, bu, Dədəlidən filankəsin oğludur axı. Onlar da bir az məzəli kişilər olub, yolun yönünü göstərərək, “vot tebe, kopoyoğlu, Dadalinskaya doroga!” deyib özləri üçün məzələniblər…

İş ondadır ki, hər üç halda özünü urus dilini öyrənmiş kimi göstərmək istəyənlər o dili nə əsgərilkdən gələndə, nə də ondan sonra düz-əməlli bilməyiblər…

Deməyim odur ki, bizim Dədəlidə Azərbaycan dili həmişə qorunub, bu gün də qorunur. Özü də bu dili Analarımız qoruyub! Atalarımız da öz dəstəklərini əsirgəməyiblər. Həm də o vaxtlar indiki kimi ünsiyyət imkanları yox idi. Bugünkü kimi təbliğata şərait də yaradılmırdı. Üstəlik, Moskva Azərbaycan kimi milli respublikalarda ana dilini sıxışdırır, onun yerinə urus dilini irəli çıxarmağa çalışırdı. Amma bizim müqəddəs Analarımızın, dəyanətli Atalarımızın – Böyüklərimizin sayəsində bunu bacara bilmədi!

Təəssüflə qeyd etmək istərdim ki, Moskva qonşu Dağıstanda bunu bacarmışdı! Oradan əvvəlcə türk dillərini sıxışdırıb çıxarmağı, sonra yerli xalqların dillərini məhv etməyi bacaran Moskvanın sayəsində günü bu gün də Dağıstan xalqlarının ortaq ünsiyyət dili uruscadır! Bu siyasətin əsas məqsədi də urus olmayanları uruslaşdırıb əritmək idi! Bizə münasibətdə bunu bacarmadılar, amma Rusiyanın içində qalan xalqları bu gün də əritməyə davam edirlər!

Dil bir millətin kimliyidir! Bu baxımdan bir Dədəli sakini və yetirməsi olaraq xoşbəxtəm. Mənimlə bərabər Dədəlinin bütün sakinləri xoşbəxtdir ki, bizə oxuduğumuz məktəblə yanaşı Ata-Analarımız da dilimizi sevməyi və yaşatmağı öyrədə bilib.

Bu gün də Dədəlidə dövlət dilimizə – Azərbaycan dilinə bağlılıq ən yüksək səviyyədədir. Günü bu gün də Dədəlidə heç kim yad-yabançı dildə, hələ-hələ urus dilində danışmaz! Baxmayaraq ki, urus dilini mən də daxil bilənlərin sayı az deyil. Amma heç vaxt heç kəs kənd içində kiminləsə o dildə danışmaz!

Biz türk dillərindən biri olan Azərbaycan dilini qorumuşuq, yaşatmışıq, yaşatmağa da davam edəcəyik! Çünki hələ o basqı və zülm illərində Ata-Analarımız bunu edə bilibsə, bizim etməməyimiz çox böyük ayıb olardı!

Sonda: Yeri gəlmişkən, müstəqillik illərində Dədəlidə kiməsə “gavur” deyildiyini eşiməmişəm. Hətta bir vaxtlar urus məktəbində oxumuşlar belə o dildə əsla danışmazlar!

Mission News Theme by Compete Themes.