BAYRAQDAR MEDİA – Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan və tarixə “Qanlı Yanvar” kimi düşən 20 Yanvar faciəsinin 36-cı ildönümü Iğdırda təşkil olunacaq genişmiqyaslı proqramla yad ediləcək.
Bu barədə igdirhaber.net saytı məlumat verib.
Məlumata əsasən, Iğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi (Iğdır Azərbaycan Evi) tərəfindən təşkil olunacaq anım tədbiri yanvarın 20-də saat 14:00-da Iğdır Mədəniyyət Mərkəzində keçiriləcək: “Proqramda Azərbaycanın azadlıq yolunda ödədiyi ağır bədəllər və nümayiş etdirdiyi dastanvari müqavimət geniş şəkildə müzakirə olunacaq. Iğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acarın koordinasiyası ilə hazırlanan anım mərasimi türk dünyasının iki tanınmış simasını da bir araya gətirəcək. Prof. Dr. Ali Kafkasyalı və Prof. Dr. Arif Ağalarov konfrans bölümündə çıxış edərək 1990-cı ildə Bakıda baş verən faciənin sosioloji təsirlərini və bu prosesin türk dünyası üzərində yaratdığı siyasi nəticələri iştirakçılara çatdıracaqlar”.
Məlumatda deyilir ki, bütün Iğdır ictimaiyyətini tədbirə dəvət edən Dərnək sədri Ziya Zakir Acar açıqlamasında 20 Yanvarın təkcə bir matəm günü deyil, eyni zamanda bir oyanış rəmzi olduğunu vurğulayıb:“Qardaş Azərbaycanın 36 il əvvəl yaşadığı bu böyük ağrı bizim də ağrımızdır. Türk milləti olaraq bu soyqırımı və qəhrəmanlıq dastanını gələcək nəsillərə çatdırmaq ən böyük vəzifəmizdir.”





