Press "Enter" to skip to content

İZAZDER sədri Bakıda mühüm görüşlər keçirib

Yeni əməkdaşlıq protokolu imzalanıb

BAYRAQDAR MEDİA – Öz fəaliyyəti ilə müsbət mənada seçilən İzmir Azərbaycan Dərnəyi (İZAZDER) Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində üzərinə düşən missiyanı ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Dərnək bu istiqamətdə gələcəyə hesablanmış, davamlı və məhsuldar addımlar atmaqdadır.

Hikmət Babaoğlu (solda) və Pərviz Altay
Hikmət Babaoğlu (solda) və Pərviz Altay

İZAZDER sədri Pərviz Altayın və təşkilatın İdarə Heyətinin üzvü, eyni zamanda Qadınlar Komitəsinin sədri Tərlan Əvəzqızı Akçayın Azərbaycana növbəti səfərinin əsas məqsədi də məhz bu istiqamətdə yeni əməkdaşlıqların qurulması və mühüm görüşlərin keçirilməsidir. Qeyd edək ki, səfərin ümumi yekunlarına dair İZAZDER sədri Pərviz Altayın BAYRAQDAR MEDİA üçün özəl müsahibəsi nəzərdə tutulur. Hələlik isə bu səfər çərçivəsində keçirilmiş iki mühüm görüşü xüsusi qeyd etmək yerinə düşər.

İmzalanma mərasimi
İmzalanma mərasimi

Belə ki, İZAZDER sədri Pərviz Altay Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu ilə görüş keçirib. Qarşılıqlı fikir mübadiləsi və məlumatlandırma formatında keçirilən görüşdə Pərviz Altay rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verib. Hikmət Babaoğlu isə öz növbəsində təşkilatın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək, gələcəkdə atıla biləcək addımlar və əməkdaşlıq imkanları ilə bağlı tövsiyələrini səsləndirib.

Görüş zamanı tərəflər Azərbaycan – Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində birgə həyata keçirilə biləcək təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Pərviz Altay eyni zamanda Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyində olub və Birliyin sədri Zemfira Ağayeva ilə görüş keçirib. Tərlan Akçayın da iştirak etdiyi bu görüş əvvəlki razılaşmaların rəsmiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Belə ki, görüş zamanı İZAZDER ilə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi arasında əməkdaşlıq protokolu imzalanıb.

Bununla da İZAZDER-in Azərbaycan qeyri-hökumət təşkilatları ilə imzaladığı əməkdaşlıq protokollarına daha biri əlavə olunub.

Xatirə fotosu
Xatirə fotosu

P.Altayın BAYRAQDAR MEDİA-ya bildirdiyinə görə, sözügedən protokol da, əvvəlki razılaşmalar kimi, iki təşkilat arasında qarşılıqlı dəstəyin göstərilməsi, ortaq layihələrin həyata keçirilməsi, həmçinin türk dünyasının inteqrasiyasına xidmət edən yeni təşəbbüslərin hazırlanmasını nəzərdə tutur.

Onu da qeyd edək ki, hər iki görüşdə İZAZDER-in Azərbaycan tərəfdaşlarından olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri də iştirak edib.

Mission News Theme by Compete Themes.