Kənan RAHİ
BAYRAQDAR MEDİA – Müharibə yaxşı bir şey deyil. Lakin elə zaman gəlir, elə hadisələr baş verir ki, artıq müharibə və döyüş boynumuzun borcu olur. Necə ki Quranda Uca Allah buyurur: “(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (əl-Bəqərə surəsi, ayə 216).
Bəli, müharibələr qanlı faciə olur. İstər qələbə olsun, istər məğlubiyyət — hər iki halda ölüm qaçılmazdır. Amma baxır nə üçün ölüm, hansı amal, hansı dəyərlər üçün ölüm… Şükür Allaha ki, bizim vuruşmaq üçün amalımız və dəyərimiz var.
Bir az uşaqlıq vaxtlarına qayıtmaq istəyirəm. Yadımdadır, o vaxt özüm üçün taxtadan avtomat düzəltmişdim, hətta pulemyotum da var idi. Bir gün də beynimə qılınc düzəltmək düşdü. Hə, qılınc! Dəmirdən əsl qılınc düzəltdim. İndi bilmirəm necədir, amma biz uşaq olanda oğlan uşaqlarının çoxu belə idi. Bilmirəm, niyə, amma mənə elə gəlir ki, Allah bizi haqq savaşı üçün yetişdirirdi. Çünki həmin vaxtlar torpaqlarımız işğalda idi. Biz uşaqlar isə xəyalımızda yaratdığımız düşmənlərə qarşı vuruşa-vuruşa təlim keçirdik. Müharibə filmlərində gördüyümüz şeyləri real həyatda canlandırmağa çalışırdıq:
—”Hücumaaa!”
—”Vurdum, vurdum!”
Hətta hərdən “niyə ölmürsən e, axı vurmuşam” deyib dava da salırdıq. Hə, biz belə böyüdük, belə yetişdik. Televizorda Xocalı hadisələrini görəndə içimizdə yanan bir köz daha da alovlanır, qisas hissimiz daha da coşurdu. Bizim amalımız var idi, bizim eşqimiz var idi — o eşq ki, Vətən adlanır. İçimizdə yanan qisas alovu bizi balaca olanda taxtadan avtomat, hətta gerçək görünsün deyə dəmirdən qılınc düzəltməyə vadar edirdi.
Nəhayət, böyüdük, əsgərlik yaşına çatdıq. Əlimizə həqiqi avtomat aldıq. Hələ o silahı əldə tutanda bir qürurlanmağımız var idi! Əvvəl bu silahın mahiyyətini tam anlamırdıq, ta ki müharibə başlayana kimi… Hə, onda anladıq əlimizdə tutduğumuz bu silah nə üçündür. Düzdür, kimisi qəsb etmək üçün, kimisi nahaq qan tökmək üçün, kimisi də dünya malı üçün istifadə edir. Amma bizə bunların heç biri üçün verilməmişdi bu silah, nə də biz belə şeylər üçün istifadə etməyi düşünürdük. Məqsəd yalnız və yalnız qisas idi.
Həmin vaxtlar anlayırdıq artıq, çünki uşaq deyildik. Balaca olanda xəyal etdiyimiz şeylərin hamısı gerçək idi. Uşaq olanda oynayarkən “ölən” uşaqlar yox, həqiqətən Vətən uğrunda şəhid olan kişilər var idi. Bəli, şəhid olan! Çünki Vətən uğrunda can fəda edənlər şəhiddirlər. Bir Quran ayəsini bura misal gətirmək olar (əl-Bəqərə surəsi, 154-cü ayə): “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”.
Vətən uğrunda şəhid olanlar elə Allah yolunda canlarını fəda edənlərdir. Əvvəldə dediyim kimi, bizi bu savaş üçün Allah yetişdirirdi. Və sonda anladım ki, o uşaq vaxtı əlimizdə tutduğumuz taxta silahlar sadəcə oyuncaq deyil, bir millətin yenilməz iradəsinin ilk toxumları imiş. Allah bizə o qisas alovunu boşuna verməmişdi. Bu gün biz o toxumların bəhrəsini azad torpaqlarımızda alınan nəfəslə görürük. İndi o uşaqlar böyüyüb tarix yazdılar. Kimimiz qazi olduq, kimimiz isə o müqəddəs ayədə deyildiyi kimi, ölməzlik şərbətini içib Rəbbin dərgahında dirilik tapdıq. Çünki Vətən naminə tökülən qan torpağı müqəddəsləşdirən ən uca dəyərdir…





