Nurgali Jusipbay: Prezident Qasım-Jomart Toqayev yeni birpalatalı parlamentin “Qurultay adlandırılmaısnı təklif etdi
BAYRAQDAR MEDİA – Qazaxıstan parlamentinin adı dəyişəcək. Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Milli Qurultayın V iclasında çıxış edərkən deyib.
Məlumatı TRT-nin müxbiri Nurgali Jusipbay verib.
Məlumata görə, Prezident, yeni birpalatalı parlamentə “Qurultay” adının verilməsini təklif edib. Dövlət başçısı qeyd edib ki, yeni parlament beşillik müddətə seçiləcək və qanunverici orqanda yerlərin sayı 145-ə çata bilər. Onun sözlərinə görə, seçkilər bütün namizədlər üçün vahid və bərabər qaydalar əsasında keçirilməlidir. Yəni təklif olunur ki, prezident kvotasından və Qazaxıstan Xalqları Assambleyasının kvotasından imtina edilsin, nümayəndəlik orqanının tərkibi tamamilə seçkili əsasda formalaşdırılsın.
Qazaxıstanda yeni dövlət orqanı yaradılacaq
N.Jusipbayın sözlərinə görə, Prezidentin Qızılordada keçirilən Qurultayda səsləndirdiyi digər mühüm təşəbbüs Qazaxıstanın Xalq Şurasının – Қazaқstannıң Xalıқ Keңesі (Qazaxıstan Xalq Şurası)nın yaradılması ilə bağlıdır: “Dövlət başçısı qeyd edib ki, Qazaxıstan Xalqları Assambleyasının və Milli Qurultayın tarixən üzərinə düşən mühüm missiyaları faktiki olaraq uğurla başa çatmış hesab edilə bilər. Qazaxıstan Xalq Şurasının fəaliyyətinə gəldikdə isə, yeni orqanda Assambleya və Milli Qurultayın funksional xəttinin strateji varisliyi qorunacaq. Bu xətt Qazax dövlətçiliyinin və Qazaxıstan Respublikasının Müstəqilliyinin ardıcıl şəkildə möhkəmləndirilməsinə yönələcək”.

Çıxışda qeyd olunub ki, Xalq Şurası – Qazaxıstan Xalq Şurası digər ölkələrin məsləhətçi strukturlarının təcrübəsini özündə birləşdirən yeni dövlət orqanı olacaq: “Bu qurumda ölkədə yaşayan bütün etnoslar, əhali qrupları və regionlar təmsil olunacaq. Qasım-Jomart Toqayevin sözlərinə görə, Qazaxıstan Xalq Şurası ölkənin ali məsləhətçi orqanı statusuna malik olacaq. Dövlət başçısı vurğulayıb ki, birpalatalı Parlamentə keçid, Xalq Şurasının yaradılması və vitse-prezident vəzifəsinin təsis edilməsi ölkənin inkişafına güclü təkan verəcək və onun potensialını daha da artıracaq”.
Ən mühüm dövlət institutlarının formalaşdırılmasına yanaşmanın dəyişdirilməsi gündəmə gətirilib
Çıxışda, həmçinin, ən mühüm dövlət institutlarının formalaşdırılmasına yanaşmanın dəyişdirilməsi gündəmə gətirilib. Konstitusiya Məhkəməsinin, Ali Audit Palatasının və Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyinatının yalnız Parlamentin razılığı ilə həyata keçirilməsi təklif olunur. Bundan əlavə, dövlət başçısının təqdimatı əsasında Ali Məhkəmənin hakimlərinin seçilməsi səlahiyyətinin deputatlara verilməsi planlaşdırılır. Beləliklə, qarşılıqlı nəzarət və tarazlıq sistemində Parlamentin rolu əhəmiyyətli dərəcədə gücləndiriləcək.
Onun sözlərinə görə, Qazaxıstan dövlət başçısı çıxışında digər sahələrəd nəzərdə tutulan konkret planlardan da bəhs edib: “Konkret planlar sırasında yeni Dram Teatrının inşası da yer alır. Tikinti işlərinə artıq bu il başlanması nəzərdə tutulur. Eyni zamanda, yaxın vaxtlarda müasir kitabxananın tikintisinə də başlanmalıdır. Prezidentin çıxışında tarix və mədəniyyət sahəsində də bir sıra təşəbbüslər də səsləndirilib. Məsələn, ilin sonunadək ölkədə Qazaxıstan tarixinə həsr olunmuş yeni yeddi cildlik nəşr üzərində işlər tamamlanacaq. Bu, alimlər tərəfindən hazırlanmış müasir akademik tədqiqat olacaq. Paralel olaraq, tarixi irsin təbliğinə yönəlmiş layihələr də həyata keçirilir. Çıxışda vurğulandı ki, bu layihələr çərçivəsində Coçı xan haqqında sənədli film və serial hazırlanır, onların premyerası beynəlxalq platformalarda keçiriləcək. Həmçinin xarici mütəxəssislərin iştirakı ilə “Böyük Altay – türklərin ulu vətəni” mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır”.
Dövlət başçısının çıxışında rəqəmsallaşma məsələsinə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, süni intellekt və yeni texnologiyalar artıq adi reallığı dəyişməkdədir. Bu şəraitdə Qazaxıstanın kənarda qalmaması, rəqəmsal həllərin fəal şəkildə tətbiqi və qlobal rəqəmsal iqtisadiyyat şəraitində fəaliyyətə hazırlaşması olduqca vacibdir.





