BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi auditoriyasının açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev ölkədə peşəkar jurnalist kadrların hazırlanmasında media subyektləri ilə sıx əməkdaşlığın mühüm rol oynadığını bildirib. O qeyd edib ki, ölkənin nüfuzlu media qurumlarının təhsil prosesinə cəlb olunması və Jurnalistika fakültəsində xüsusi ixtisaslaşmış auditoriyaların yaradılması jurnalist kadrların hazırlanması prosesinə yeni məzmun gətirib. Rektor ölkənin ən böyük xəbər istehsalçısı olan AZƏRTAC-ın xüsusi auditoriyasının da gələcəkdə bilik və peşəkarlığın formalaşdığı mühüm bir məkana çevriləcəyinə əminliyini bildirib. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, AZƏRTAC-la BDU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Bu əməkdaşlıq gənc kadrların peşəkar hazırlığı üçün geniş imkanlar yaradır. Xüsusilə Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da təşkil olunan təcrübə proqramları onlara müasir media standartlarını dərindən mənimsəməyə şərait yaradır. Təcrübə proqramını uğurla başa vuran, fərqlənən tələbələr Agentlikdə işlə təmin olunurlar. Jurnalistika fakültəsində Agentliyin xüsusi auditoriyasının açılması cəmiyyətimiz, o cümlədən Bakı Dövlət Universiteti və AZƏRTAC üçün çox faydalı olacaq. Bu auditoriyada müxtəlif görüşlər, dərslər, təlimlər keçiriləcək. Bu da Universitetin Jurnalistika fakültəsinin tələbələri üçün AZƏRTAC-ı daha əlçatan edəcək””.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, Prof. Cahangir Məmmədli, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, “ARB 24” televiziyasının İcraçı direktoru Radik İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında AZƏRTAC-ın xüsusi auditoriyasının tələbələrin istehsalatla birbaşa əlaqələrinin yaradılması baxımından əlverişli imkan olduğunu qeyd edib, bunun mətbuatın, BDU və AZƏRTAC-ın inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.





