Press "Enter" to skip to content

Məhsuldar fəaliyyətin bəhrəsi

Şentürk Hosgül

Şentürk Hoşgül: 2025-ci il ərzində təşkilatımız, ənənəvi tədbirlərdən tutmuş beynəlxalq layihələrə qədər geniş fəaliyyət spektri ilə diqqət çəkdi

BAYRAQDAR MEDİA – “2025-ci il Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi üçün uğurlu və məhsuldar il kimi yadda qaldı. Ötən il rəhbərlik etdiyim təşkilat, həm yerli, həm də beynəlxalq miqyasda çoxsaylı tədbirlər, layihələr və maarifləndirici proqramlar həyata keçirdi. Tələbələr, gənclər və dərnək üzvlərinin fəal iştirakı ilə keçirilən fəaliyyətlər həm türk dünyasının ortaq mədəniyyətinin tanıdılması, həm də həmrəyliyin gücləndirilməsi istiqamətində əhəmiyyətli töhfələr verdi. Dərnəyimizin təşəbbüsləri həm fərdi, həm də kollektiv səylərin birləşməsi ilə uğurla reallaşdırıldı. 2025-ci il ərzində təşkilatımız, ənənəvi tədbirlərdən tutmuş beynəlxalq layihələrə qədər geniş fəaliyyət spektri ilə diqqət çəkdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül deyib.

Gənclərlə birlikdə
Gənclərlə birlikdə

O, qeyd edib ki, bu fəaliyyətlər həm Türkiyə daxilində müxtəlif universitetlər, qeyri-hökumət təşkilatları və yerli idarəetmə orqanları ilə birgə icra olunub, həm də türk dünyasında, xüsusilə Kuzey Kıbrıs və Azərbaycanda həyata keçirilib: “Ümumiyyətlə, 2025-ci ildə reallaşdırdığımız və yaxud iştirakçısı olduğumuz tədbirlər türk dünyası ilə mədəni, təhsil və həmrəylik əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir”.

Məqsəd mədəni və tarixi bağları qoruyub yaşatmaq və bu irsi gələcək nəsillərə ötürməkdir

Şentürk Hoşgül qeyd edib ki, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi 19 oktyabr 2003-cü il tarixində təsis olunub: “Qurucu sədrlik missiyasını Seyfəddin Ayakyay icra etmişdir və dərnəyimiz tarix boyunca Seyfəddin Ayakyay (2003–2012), Kaffer Hangül (2012–2018), Yalçın Taşdemir (2018–2021) rəhbərliyi altında inkişaf etmişdir. 2021-ci ildən isə İdarə Heyətinin sədri olaraq mən, Şentürk Hoşgül, rəhbər olaraq fəaliyyətləri davam etdirirəm. Onu da xüsusi olaraq vurğulayım ki, Dərnəyimiz 2021-ci ildən bəri Manisa Celal Bayar Universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış Manisa Azərbaycanlı Tələbələr Topluluğu (MANAT) və Beynəlxalq Tələbə Topluluğu ilə birlikdə çoxsaylı yerli və beynəlxalq layihələr həyata keçirir”.

Dərnəyin tədbirləri yerli rəhbərliyin və ictimaiyyətin diqqət mərkəzində olur
Dərnəyin tədbirləri yerli rəhbərliyin və ictimaiyyətin diqqət mərkəzində olur

“Nizamnaməmizin 2-ci maddəsinə əsasən məqsədimiz Azərbaycan türklərinin mədəniyyətini, incəsənətini, tarixini, ətraf mühitini, turizmini və sosial-iqtisadi dəyərlərini tanıtmaq, həmrəylik mühitini gücləndirmək, mədəni və tarixi bağları qoruyub yaşatmaq və bu irsi gələcək nəsillərə ötürməkdir” deyə o əlavə edib.

2025-ci il üçün zəngin fəaliyyət statistikası

Ötən ilin statistikasına gəlincə, Dərnək rəhbəri deyib ki, 2025-ci il ərzində 20 Yanvar faciəsinə həsr olunmuş proqram çərçivəsində professor Vəfa Qurbanın iştirakı ilə Manisa şəhərində İrfan Məclisində mühazirə və təqdimat təşkil edilib: “Tədbirdə çoxsaylı qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyaların nümayəndələri və tələbələr iştirak etdi. Həmçinin, 26 fevral Xocalı Soyqırımı ilə bağlı foto sərgi Azərbaycanın İstanbul Baş Konsulu Zaur Allahverdiyevin və şəhər protokolunun iştirakı ilə Mədəniyyət Mərkəzində reallaşdı. Təbii dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən diaspor təşkilatları kimi biz də Novruz bayramına xüsusi yanaşırıq. Novruz bayramı çərçivəsində hər il yerli idarəetmə orqanlarının və dövlət qurumlarının dəstəyi, rəsmi protokolun iştirakı ilə Novruz tonqalı yandırılır, Manisa Cümhuriyyət Meydanında rəqs kollektivimizin çıxışları nümayiş etdirilir və tələbə topluluqlarımız (MANAT) ilə birgə bayram tədbirləri keçirilir. 2025-ci ildə də ənənəmizə sadiq qaldıq”.

Türkiyəli qazilərlə bir arada
Türkiyəli qazilərlə bir arada

Dərnək, həmçinin Beynəlxalq ənənəvi Manisa Mesir Macunu Festivalında da yaxından iştirak edib: “Hər il aprel ayında 20-yə yaxın ölkədən qonaqların iştirakı ilə keçirilən festivalda biz də Azərbaycanı Bakı Aysel Xalq Rəqsləri Qrupu vasitəsilə təmsil etdik. May ayının ikinci həftəsində isə Xıdırəlləz Pikniki çərçivəsində MANAT tələbələri və dərnək üzvlərimizlə Ortaköydə görüşərək, Analar Günü və yeni tələbələrimizin iştirakı ilə əyləncəli proqramlar keçirdik”.

Türk dünyası ilə bağlı vacib tədbirlər

Ş.Hoşgülün sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri və Azərbaycandan olan QHT-lərlə əməkdaşlığa da xüsusi önəm verir: “Deyərdim ki, 2025-ci il bu baxımdan daha da yaddaqalan oldu. Əvvəla, ona görə ki, məhz Türkiyədə fəaliyyət göstərən dərnəklərlə əməkdaşlıq çərçivəsində “Zəfər Kuboku” yarışının finalında Kütahya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin futbol komandası ilə MANAT komandamız qarşılaşdı, Kütahya Azərbaycanlı Tələbələr Topluluğu qalib oldu. İlin əsas addımlarından biri isə türk dünyasının ortaq mirasının təbliği istiqamətində atıldı. Azərbaycan Respublikası Qeyrı-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsində bizim Dərnək də yer aldı. Belə ki, layihə çərçivəsində Manisada keçirilən “Bizim ailəmiz türk dünyasdır” adlı dəyirmi masanın təşkilində yaxından iştirak etdik. Eyni zamanda, məhz bu layihə çərçivəsində KKTC-də və Azərbaycanda keçirilən konfranslarda Dərnək rəhbəri olaraq məruzə ilə çıxış etdim”.

Manisada Azərbaycan sədası gəlir

O da vurğulanıb ki, 2025-ci ildə 8 Noyabr Zəfər Günü münasibətilə bələdiyyələr və universitetlərin əməkdaşlığı ilə söyləşi və bayram tədbirləri təşkil olunub, Egey Universiteti, Doqquz Eylül Universiteti və Celal Bayar Universitetinin müəllim heyəti və tələbə qruplarının iştirakı ilə proqramlar həyata keçirilib: “Tədbirin aparıcılığı mədəniyyət elçimiz və teatr sənətçisi Roza İbadova Kocamaz tərəfindən icra olundu, siyasi partiya nümayəndələri, QHT təmsilçiləri və yerli mətbuat nümayəndələri də tədbirdə iştirak etdi. Bundan başqa, Ramazan ayında mərkəzdə qurulan festival çadırlarında Azərbaycan milli mədəniyyəti və mətbəxi tanıdıldı, “Azərbaycan Gecələri” proqramları ardıcıl üç həftə ərzində təqdim olundu. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü çərçivəsində isə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkil etdiyi tədbirdə MANAT tələbələri ilə birlikdə iştirak etdik”.

Bakı tədbirindən xatirə
Bakı tədbirindən xatirə

Beləliklə, bütün bu fəaliyyətlərimiz göstərir ki, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi həm yerli, həm də beynəlxalq miqyasda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli işlər görür

Mission News Theme by Compete Themes.