Press "Enter" to skip to content

Qarabağ və İstanbul Texniki universitetləri arasında yeni strateji əməkdaşlıq

Qarabağ və İstanbul Texniki universitetləri arasında yeni strateji əməkdaşlıq

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “E.Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar. E.Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, ali təhsil sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə olduğunu diqqətə çatdırıb. Qarabağ Universitetini bütün region üçün yeni bilik və innovasiya mərkəzi kimi qiymətləndirən E.Özvar Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib”.

Ardınca xəbərdə, “E.Əmrullayev öz növbəsində imzalanan sənədi iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yeni platforması adlandırıb. Nazir Qarabağ Universitetinin Azərbaycan və bütün türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ ilə əməkdaşlığın yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını qeyd edib” deyə qeyd edilir”.

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin, pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar və informasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikili diplom proqramlarının hazırlanması, Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.