Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində mexanizmlər artıq formalaşıb
BAYRAQDAR MEDİA – “Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində həm parlament komitələri, həm də müxtəlif dövlət qurumları çərçivəsində müvafiq mexanizmlər artıq formalaşıb”.
Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədəki çıxışı zamanı deyib.
N.Məmmədli bildirib ki, bu mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və sosial barışın qorunması dövlətin əsas prioritetlərindən biri olaraq qalır.
Vurğulanıb ki, dezinformasiyanın yayılması dünyada altı dəfədən çox artıb və bu cür məlumatlar yayıldıqdan sonra onların aradan qaldırılması daha çətin prosesə çevrilir: “Xüsusilə süni intellekt əsaslı kontent dezinformasiyanın yayılmasında ciddi təhdid kimi qiymətləndirilir. Dezinformasiyanın sürətlə yaranmasının əsas səbəblərindən biri dünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır”.
O bildirib ki, Şuşa Qlobal Media forumları artıq bir ənənə və beynəlxalq trend kimi formalaşıb. Prezident İlham Əliyev forumların hər birində iştirak edir və dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin və media ekspertlərinin suallarını cavablandırır.





