Press "Enter" to skip to content

Ukrayna hər zaman Azərbaycanı dəstəkləyir

Yuriy Husyev

BAYRAQDAR MEDİA Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Yuriy Husyevin Ukraynanın Birlik Günü münasibətilə müəllif yazısını təqdim edir:

Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın əsası kimi milli birlik və suverenlik

Yanvarın 22-də Ukrayna Birlik Gününü qeyd edir — bu gün Ukrayna torpaqlarının tarixi birliyinin, dövlətçiliyin möhkəmləndirilməsinin, suverenliyin və ərazi bütövlüyünün rəmzidir. 1919-cu ildə Ukrayna Xalq Respublikası ilə Qərbi Ukrayna Xalq Respublikasının Birləşmə Aktı Ukrayna dövlətçiliyinin tarixində mühüm mərhələ olmuş və Ukrayna xalqının birlik, azadlıq və müstəqillik uğrunda iradəsini təsdiqləmişdir.

Bu gün Ukraynaya qarşı davam edən Rusiya silahlı təcavüzü şəraitində Birlik Günü xüsusi əhəmiyyət kəsb edir. Bu gün beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn əsas və fundamental prinsiplərinin, ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, birlik və birgə müdafiə ilə bağlı məsuliyyətini xatırladır.

Ukrayna qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn fundamental normalarına ortaq sədaqət prinsiplərinə əsaslanan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan ardıcıl şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və mühüm humanitar yardım göstərir. Bu həftə Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya növbəti humanitar yardım partiyası göndərilmişdir. Bu yardıma güclü generatorlar, transformatorlar, elektrik kabelləri və aşağı gərginlikli panellər daxil olmuşdur.

Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukraynaya çətin dövrdə göstərilən həmrəyliyə və bu əhəmiyyətli dəstəyə, habelə zərər çəkmiş regionlardan olan ukraynalı uşaqlar üçün sağlamlıq və bərpa proqramına, İrpin şəhərində sosial obyektlərin bərpasına, dərman vasitələrinin, ərzaq məhsullarının, yanacağın və Ukraynanın kritik enerji infrastrukturunun bərpası üçün zəruri avadanlıqların tədarükünə görə səmimi minnətdarlığımızı bildiririk.

Ukrayna da öz növbəsində hər zaman Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləmiş və dəstəkləməkdə davam edir. Bakının mərkəzində yerləşən Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı Şuşa şəhəri yaxınlığında həlak olmuş ukraynalı helikopter pilotu Viktor Seryogin dəfn olunmuşdur; o, ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Dövlətlərimizin milli maraqların müdafiəsi, sərhədlərə hörmət və beynəlxalq hüququn pozulmasına yol verilməməsi məsələlərində qarşılıqlı dəstəyi Qara dəniz–Xəzər regionunda və bütövlükdə dünyada sabitliyin və təhlükəsizliyin mühüm elementidir.

İkitərəfli gündəlikdə energetika sahəsində əməkdaşlıq xüsusi yer tutur. 2025-ci ildə “Naftogaz Ukraina” Milli Səhmdar Cəmiyyəti ilə SOCAR şirkəti arasında Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindən keçməklə Ukraynaya Azərbaycan təbii qazının pilot partiyasının tədarükünə dair müqavilənin imzalanması Ukrayna üçün enerji təchizatı mənbələrinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələsində əsl irəliləyiş olmuşdur. Ukrayna energetika, logistika, enerji resurslarının nəqli, bərpa olunan enerji mənbələrinin inkişafı və infrastrukturun modernləşdirilməsi sahələrində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq Qara dəniz–Xəzər regionunda təhlükəsizliyin, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyəti və bir-birinə verdiyi dəstək Ukrayna–Azərbaycan münasibətlərinin strateji xarakterini və onların beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin müdafiəsinə yönəldiyini təsdiqləyir.

Ukrayna–Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir. Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik münasibətlərin əsası hələ 1918-ci ildə qoyulmuşdur ki, bu da xalqlarımız arasında qarşılıqlı dəstəyin, əməkdaşlığın və həmrəyliyin mühüm tarixi nümunəsidir. Bu tarixi irs bu gün müasir strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm əsas olmuşdur.

2026-cı ildə Ukrayna Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə, energetika sektorunda, nəqliyyat və logistika sahələrində, investisiyaların cəlb olunması, səhiyyə, təhsil və mədəniyyət istiqamətlərində birgə layihələrin həyata keçirilməsinə sadiqdir. Biz əminik ki, Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının inkişafı regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi artıma və suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcəkdir.

Azərbaycan Respublikasının və Ukraynanın digər tərəfdaşlarının yardımı sayəsində (xüsusilə Polşada bir neçə gün ərzində laqeyd qalmayan insanlar və təşkilatlar tərəfindən Kiyev üçün generatorların alınması məqsədilə 4 milyon zlotıdan çox, yəni təxminən 2 milyon manat vəsait toplanmışdır) biz Rusiya tərəfindən həyata keçirilən terror xarakterli hücumlardan sonra enerji sistemimizi bərpa edir, Ukraynanın həmrəyliyini və azadlığımızı qorumaqda davam edirik. Lakin düşmənin hər bir hücumundan sonra ehtiyaclarımız artır. Məhz buna görə Ukraynanın Xarici İşlər naziri Andriy Sıbihanın təşəbbüsü ilə “Ukrayna üçün istilik” (#WarmForUkraine) aksiyasını keçiririk və hər kəsi Ukrayna üçün generatorların alınmasına (və ya generatorların birbaşa ötürülməsinə) dəstək verməyə çağırırıq. Yardımı Bakıdakı Ukrayna Mərkəzinə təqdim etməyinizi xahiş edirik: Bakı şəhəri, Xaqani küçəsi, 123. Tel: +994 51 963 43 41; +994 10 236 17 19. E-poçt: ukrainian.center.az@gmail.com.

Mission News Theme by Compete Themes.