BAYRAQDAR MEDİA – Azərbaycan sosial şəbəkələrindən birində millət vəkili Səyyad Salahlının bir çıxışına rast gəldim. Millət vəkili çıxışında “azəri” sözünə diqqət çəkərək bunları deyirdi: “Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərişıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdur. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin, “azəri” sözünün bizə aidiyyəti yoxdur. O İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”.
Bir Azərbaycan vətəndaşı və türk milliyyətçisi olaraq bu məsələdə Səyyad bəylə tamamilə razıyam. Məni tanıyanlar bu mövzuda nə qədər ciddi olduğumu da bilirlər. Xəbərin paylaşıldığı səhifənin şərhlər bölməsinə baxanda isə heyrətə gəldim. Demək olar ki, şərh yazanların əksəriyyəti bu məsələyə ya istehza edir, ya da bunu bəsit bir mövzu kimi görərək gündəmə gətirilməsini yersiz hesab edirlər.
Etməyin, eləməyin, dostlar. Bu, bizim adımızdır – kimliyimizdir. Bu məsələ əsla bəsitləşdirilə bilməz. Bəlkə siz bu ifadənin nə olduğunu, məsələnin haralara uzandığını bilmirsiniz. Ancaq bu, bizim kimliyimizi təməldən sarsıdan bir məsələdir. Siz “azəri” deyərək həm kimliyinizi, həm də inancınızı İran iddialarına qurban verirsiniz.
İran bizə “azəri” deyərək türk kimliyimizi yox sayır. Bizi dırnaq içində “vəhşi monqolların (türklərin) təcavüzləri ilə türkləşdirilmiş” etnik fars və atəşpərəst kökənli bir toplum kimi təqdim edir. Yəni siz “azəri” dedikdə həm türklərin “vəhşi” olduğunu, həm də kimliyimizin və dinimizin zorla dəyişdirildiyini qəbul etmiş olursunuz.
Bir müddət əvvəl bu mövzu ilə əlaqədar farsca bir jurnal gördüm. İran Təhsil Nazirliyinin sifarişi ilə 28 milyon nüsxədə çap edilən bu jurnal ibtidai sinif şagirdləri üçün yardımçı tədris materialı kimi hazırlanıb.
Jurnalın gördüyüm səhifəsində “Azərilər” başlığı altında yazılanlar diqqətimi çəkdi. Orada belə yazılır: “Azərilər iranlıdırlar. Onlar Şərqi və Qərbi Azərbaycan vilayətlərində yaşayırlar. Bundan başqa, azərilər İranın digər vilayətlərində də mövcuddurlar”. Yazının davamında isə daha da irəli gedilərək belə ifadələr yer almışdı: “Qədim dövrlərdə azərilərin əsl dili farsca idi. Lakin yüz ildir ki, türkcə danışırlar”.
Buradan açıq şəkildə görünür ki, jurnal Azərbaycan türklərini sonradan türkləşmiş fars mənşəli bir topluluq kimi təqdim edir. Eyni zamanda tarixi Azərbaycan şəhərləri olan Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi şəhərlərin türklüyünü yox sayır. Üstəlik, bu nəşr İran Təhsil Nazirliyi tərəfindən dəstəklənmişdir.
Jurnaldakı təhriflər bununla da bitmir. Başqa bir bölümdə İrandakı millətlər və yaşadıqları ərazilər göstərilərkən Azərbaycanın qərb hissəsi “kürd yurdları” kimi təqdim olunur. Bu mövzuya əvvəlki yazımda da toxunmuşdum. Bilməyənlər üçün qısa şəkildə yenidən xatırladım.
İran uzun illərdir ki, öz hakimiyyəti altında olan Güney Azərbaycan bölgəsinin Türkiyə ilə sərhəd olan qərb hissəsinə PKK-nın İran qolu olan PEJAK üzvlərini və onların tərəfdarlarını yerləşdirir. Bununla Azərbaycan bölgəsi ilə Türkiyə arasında bir terror dəhlizi yaratmağı planlayır. Eyni zamanda Azərbaycan türkləri ilə kürdlər arasında etnik gərginlik formalaşdıraraq hər iki tərəfi nəzarət altında saxlamağı hədəfləyir.
Bütün bunlar olmasa belə, milli məsələlər əsla lağ mövzusu ola bilməz. Məşhur türkçü Hüseyn Nihal Atsızın mövzu ilə əlaqəli sözləri ilə yazımızı yekunlaşdıraq: “Bəzi mövzular var ki, zarafata gəlməz. Bayraqla lağ etmək olmaz. Milli tarixlə əylənmək olmaz. Qurani-Kərimi istehza mövzusu etmək olmaz. Ailə namusunu tapdalamaq olmaz. Bunlar milli müqəddəsatlardır. Milli müqəddəsatı olmayan millət, millət deyil, bir heyvan sürüsüdür”.





