Press "Enter" to skip to content

Güney Azərbaycandan Prezident İlham Əliyevə müraciət

Güney Azərbaycan Qurtuluş Partiyası

BAYRAQDAR MEDİA – Güney Azərbaycan siyasi qurumlarının Azərbaycan Respublikasından gözləntiləri ilə bağlı daha bir müraciət yayımlanıb. Bu dəfəki müraciəti Güney Azərbaycan Qurtuluş Partiyası imzalayıb. Sənədin önəmini nəzərə alaraq tam mətnini dəyərli oxucularımıza təqdim edirik:

Azərbaycan Prezidenti Cənab İlham Əliyevə Açıq Müraciət

Cənab Prezident,

İlk öncə icazə verin, Sizi 50 milyonluq Azərbaycan türk milləti və dövləti adından qazandığınız dəyərli Ben Zaid Sülh Mükafatı münasibətilə səmimi-qəlbdən təbrik edək.

Bu gün Siz yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının dövlət başçısı kimi böyük və tarixi bir məsuliyyət daşıyırsınız. Bu məsuliyyət siyasi sərhədləri aşaraq ortaq dil, tarix və milli kimlik əsasında birləşən 50 milyon soydaşımızın taleyini əhatə edir.

Son illərdə İran İslam Respublikası çərçivəsində Güney Azərbaycanda milli, siyasi, iqtisadi, ictimai və ekoloji sahələrdə son dərəcə dağıdıcı bir vəziyyət formalaşmışdır. Xüsusilə Urmu gölünün Tehran hökuməti tərəfindən qəsdən qurudulması bölgəmizi dərin bir böhrana sürükləmişdir. Rejim bölgənin həyat damarlarından biri olan bu ekosistemi məhv etmiş, nəticədə duz fırtınaları əkinçiliyə və heyvandarlığa ciddi zərər vurmuş, minlərlə yerli ailə məcburi köçə məruz qalmış, bölgənin demoqrafik tərkibinin dəyişməsinə zəmin yaradılmışdır.

Eyni zamanda, bölgənin təbii sərvətlərinin sistemli şəkildə istismar edilərək mərkəzə daşınması, yerli sənaye və kənd təsərrüfatının zəiflədilməsi, iqtisadi potensialın və əhalinin digər bölgələrə yönləndirilməsi prosesi davam etməkdədir. Nəticə etibarilə bu siyasət bölgənin sosial dayaqlarını sarsıdır. Bununla yanaşı boşaldılan torpaqların kürd köçmənlərinə satılması gələcəkdə qarşısıalınmaz etnik gərginlik riskini artırır. Bu vəziyyətin əsas məsuliyyəti fars hakimiyyətinin üzərinə düşür.

Məlum olduğu kimi, Tehran rejiminin siyasəti bölgədə sabitlik yaratmaq deyil, idarə olunan xaos formalaşdırmaqla xarakterizə olunur. Son dövrlərdə İran daxilində baş verən kütləvi etirazlar, repressiyalar və ağır insan itkiləri vəziyyətin nə qədər kritik olduğunu bir daha nümayiş etdirmişdir.

Hörmətli Prezident,

Güney Azərbaycan Milli Hərəkatı dinc, demokratik və çağdaş dəyərlərə əsaslanan ümumxalq hərəkatıdır. Kütləvi xarakter daşımasına baxmayaraq, bu hərəkat beynəlxalq dəstəkdən məhrumdur. Repressiyalar və təzyiqlər fonunda milyonlarla soydaşımız yoxsulluq, işsizlik və hüquqsuzluq şəraitində yaşamağa məcbur edilir.

Bu çərçivədə əsas sual ondan ibarətdir ki, mümkün siyasi dəyişikliklər fonunda milyonlarla Güney Azərbaycanlının təhlükəsizliyi və hüquqları hansı mexanizmlərlə təmin olunacaqdır?

Gələcəkdə baş verə biləcək humanitar böhranların qarşısını almaq məqsədilə, Azərbaycan dövlətinin mövcud diplomatik münasibətlərinə xələl gətirmədən, aşağıdakı sahələr üzrə daha sistemli və insani dəstək mexanizmlərinin formalaşdırılmasını vacib hesab edirik:

Dövlət sərhədlərindən kənarda yaşayan soydaşlar üçün müstəqil televiziya kanalının yaradılması;
Güney Azərbaycanın qərb bölgələrini təhdid edən silahlı terror qruplaşmalarının fəaliyyətinə regional təhlükə prizmasından yanaşılması;
Mədəni, təhsil və akademik əlaqələrin genişləndirilməsi;
Humanitar və sosial layihələrin inkişaf etdirilməsi;
Fövqəladə hallarda Güney Azərbaycandan olan sərmayədarların, gənclərin və mütəxəssislərin Quzey Azərbaycana yönəlməsi üçün hüquqi və prosedur imkanların hazırlanması.

Sözsüz ki, bu müraciət hər hansı dövlətin daxili işlərinə müdaxilə tələbi deyil, eyni millətin bir qolunun digər qoluna ünvanladığı tarixi, mənəvi və insani bir çağırışdır.

Hörmətlə,
Eldar Qaradağlı
Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) başqanı

Mission News Theme by Compete Themes.