2025-ci ildə icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
BAYRAQDAR MEDİA – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığı artırmaq məqsədilə ötən il də genişmiqyaslı tədbirlər həyata keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Məlumatda deyilir ki, qurumun prioritet fəaliyyət istiqamətləri çərçivəsində müxtəlif layihələr icra olunub: “Əhali Agentliyin təkmilləşdirilmiş rəsmi internet saytı və “e-Tabib” mobil tətbiqindəki yeniliklər barədə mütəmadi olaraq televiziya, radio və sosial media vasitəsilə məlumatlandırılıb. “Tibb müəssisələrinin axtarışı” bölməsi, interaktiv xəritə, abunəlik xidməti və məmnuniyyət sorğusu funksiyası barədə ətraflı məlumat verilib”.
Məlumata görə, əhalini qurumun fəaliyyəti və icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminataalınan tibbi xidmətlər barədə məlumatlandırmaq məqsədilə 104 məlumat paylaşılıb: “Həmçinin, televiziya, radio və internet kanallarında 282 veriliş və süjet yayımlanıb. Mediadan daxil olan 528 sorğu və sosial media üzərindən göndərilən 2971 sorğu cavablandırılıb. Sosial media hesablarında icbari tibbi sığortadan istifadə qaydaları, Xidmətlər Zərfi, sağlam həyat tərzi, gender zorakılığı, erkən nikah, qohum evliliyi və digər istiqamətlərdə3279 paylaşım edilib”.
Məlumatda vurulanır ki, əhali ilə birbaşa ünsiyyət tədbirləri də geniş şəkildə təşkil olunub: “Dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, tələbələr, məktəblilər və valideynlər üçün icbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydaları, ailə həkimi və sağlam həyat tərzi mövzusunda təşkil edilən 295 maarifləndirmə tədbirində17 min 759 nəfər məlumatlandırılıb. Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələriniicbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə daha dolğun məlumatlandırmaq məqsədilə Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən 4 media-tur və 2 təlim keçirilib. Bundan əlavə, Agentliyin Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günü təşkil edilib. Tədbirlərdə ümumilikdə 252 nəfər nümayəndə iştirak edib”.





