Press "Enter" to skip to content

Orxan Həsənoğlu KKTC Cümhurbaşqanı ilə görüşüb

Görüş zamanı

Tufan Erhürman: Qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi KKTC üçün xüsusi əhəmiyyət daşıyır

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycan Respublikası ilə əlaqələrin daha da inkişaf etməsində maraqlıdır. Bunu KKTC Cümhurbaşqanı Tufan Erhürman Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orhan Həsənoğlunu və rəhbərlik etdiyi heyəti qəbul edərkən deyib. Qəbulda bir sıra məsələlərə toxunulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Cəmiyyətdən məlumat verilib.

Həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verilib

Məlumatda deyilir ki, Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, Kıbrısdakı Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Orxan Həsənoğlu cəmiyyətin idarə heyətinin bir qrup üzvü ilə birlikdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Tufan Erhürmanı Cühmurbaşqanlığında ziyarət edib: “Görüş zamanı Orxan Həsənoğlu Cümhurbaşqanı Tufan Erhürmanı yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, 2012-ci ildən fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.

KKTC-də iki minə yaxın azərbaycanlı yaşayır

Görüşdə qeyd olunub ki, hazırda KKTC-də iki minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan elm adamları və mütəxəssislər də var.

Bildirilib ki, 300-dən artıq azərbaycanlı bu ölkədə rəsmi qaydada sığortalı şəkildə çalışır və müxtəlif sahələrdə idarəedici vəzifələrdə fəaliyyət göstərən soydaşlarımız iki qardaş ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verirlər.

Azərbaycan–Kipr Dostluq Cəmiyyəti mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir

Orxan Həsənoğlu Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini vurğulayıb.

Tufan Erhürman KKTC-də yaşayan azərbaycanlılar daim diqqət mərkəzində olduğunu bildirib

Məlumata əsasən, Tufan Erhürman isə öz növbəsində Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin rəhbərliyinə və idarə heyətinə ziyarətə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

O qeyd edib ki, qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi KKTC üçün xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə Kuzey Kıbrıs Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Cümhurbaşqanı KKTC-də yaşayan azərbaycanlıların daim diqqət mərkəzində olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Məlumata əsasən, görüşdə Azərbaycan – Kipr Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, KKTC-də fəaliyyət göstərən professor Rəcəb Rəcəbov, doktor Bəxdiyar Məmmədov və doktor Rəşad Məmmədov da çıxış edərək, elmi, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Mission News Theme by Compete Themes.