Prof. Dr. Burhan Sayılır: Uşaqlıqdan eşitdiyimiz “dildə, fikirdə, işdə birlik” ideyasının artıq konkret institusional çərçivəyə qovuşması türk dünyası üçün tarixi bir mərhələdir
BAYRAQDAR MEDİA – Bu gün Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələr yüksələn xətlə inkiçaf edir. Təbii ki, bu məsələdə rəsmi mövqe ilə yanaşı, müxtəlif spektrli təşkilatların, o cümlədən ali təhsil ocaqlarının rolu da əhəmiyyətli rol oynayır. Elə qardaş Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universiteti də fəaliyyətini bu istiqamətdə quran ali təhsil ocaqlarından biridir. Universitet yeni dönəmdə də Azərbaycan ali təhsil müəssisələri ilə əlaqələri genişləndirmək üçün addımlar atır.
Elə Anadolu Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölümünün başqanı, həmçinin universitetin Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri Prof. Dr. Burhan Sayılırın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də bu və digər məqamalara toxunulub.
Yeni nəsli məhz bu ruhda yetişdirməyi qarşıya məqsəd qoymuşuq
-Hocam, məlumdur ki, Anadolu Universitetinin Azərbaycanla bağlı xüsusi yanaşması məlumdur. Həmçinin, univeristetdə çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Ümumiyyətlə, azərbaycanlı tələbələrin təhsilə yanaşmaıs barədə nə deyə bilərsiniz?
-Əvvəla qeyd edim ki, Anadolu Universitetində təhsil alan azərbaycanlı tələbələr əsasən iki qrupa bölünür. Birinci qrup birbaşa universitetin Eskişehirdə yerləşən kampusunda, müvafiq dövlət proqramları, imtahanlar və seçim mexanizmləri vasitəsilə qəbul olunaraq əyani formada təhsil alan tələbələrdir. Bu qrupa bakalavr, magistratura və doktorantura səviyyəsində oxuyan azərbaycanlı gənclər daxildir. İkinci qrup isə Anadolu Universitetinin Açıqöyrətim Fakültəsinin proqramları çərçivəsində təhsil alan azərbaycanlı tələbələrdir. Əyani formada təhsil alan azərbaycanlı tələbələrimiz müxtəlif sahələr üzrə yüksək nəticələr göstərirlər və ümumilikdə onlardan razıyıq. Təbii ki, bəzən ayrı-ayrı tələbələrin təhsilə yanaşmasında və ya akademik hazırlığında müəyyən çatışmazlıqlar müşahidə oluna bilər, lakin biz universitet rəhbərliyi və pedaqoji heyətlə birlikdə bu problemlərin aradan qaldırılması üçün onlara dəstək göstərməyə çalışırıq.

Eyni zamanda mən Anadolu Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin rəhbəriyəm və mərkəzimiz də azərbaycanlı tələbələrin yanında olmaq, onların akademik və sosial həyatına töhfə vermək istiqamətində fəal işləyir. Əsas məqsədimiz tələbələrin daha yaxşı sosiallaşması, özlərini yad mühitdə deyil, sanki öz evlərində hiss etmələri və təhsilə daha böyük motivasiya ilə yanaşmalarıdır. Bu məqsədlə biz azərbaycanlı tələbələrin mədəni və sosial fəallığını artırmaq üçün müxtəlif proqramlar həyata keçiririk. Eyni zamanda onların digər ölkələrdən olan tələbələrlə ünsiyyətinin qurulmasına xüsusi önəm veririk. Bu, həm tələbələrin bir-birini tanımasına, mədəniyyətlərarası dialoqun inkişafına, həm də şəxsi və akademik inkişaflarına mühüm töhfə verir. Bu çərçivədə həm türk dili, həm də ingilis dili üzərindən ortaq platformaların yaradılması istiqamətində təşəbbüslərimiz var. Bütün bunların əsasında isə Türkiyə-Azərbaycan qardaşlığının dərin tarixi və mənəvi bağları dayanır. Biz bu qardaşlığın yalnız dövlətlər səviyyəsində deyil, gənclər və tələbələr səviyyəsində də möhkəmlənməsinə çalışırıq və yeni nəsli məhz bu ruhda yetişdirməyi qarşıya məqsəd qoymuşuq.
Anadolu Universitetinin əsas prioritetlərindən biri qardaş Azərbaycanın ali təhsil müəssisələri ilə sıx və sistemli əməkdaşlığın qurulmasıdır
-Anadolu Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığı hansı səviyyədədir?
-Anadolu Universitetinin əsas prioritetlərindən biri qardaş Azərbaycanın ali təhsil müəssisələri ilə sıx və sistemli əməkdaşlığın qurulmasıdır. Bu istiqamətdə artıq bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb, bəziləri ilə imzalanma mərhələsindəyik, digərləri ilə isə danışıqlar davam edir. Biz hesab edirik ki, Türkiyə və Azərbaycan dövlət rəhbərlərinin qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar təhsil və elm mühitində də real məzmunla doldurulmalıdır. Bu əməkdaşlığın əsas hədəfi gənclərimizin daha yüksək bilik və dünyagörüşü ilə yetişməsidir. Eyni zamanda universitetlərimiz arasında birgə layihələr, ortaq elmi proqramlar və tədqiqatlar həyata keçirilməlidir ki, xalqlarımız bir-birinin tarixini, mədəniyyətini və mənəvi irsini daha dərindən tanısın. İmzalanmış protokollar çərçivəsində tələbə və müəllim mübadiləsi proqramları, ortaq tədris və elmi layihələr həyata keçirilir və bu sahədə artıq mühüm uğurlar əldə etmişik. Bir sözlə, məqsədimiz “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında Türkiyə–Azərbaycan universitet əməkdaşlığını daha da inkişaf etdirməkdir və bu istiqamətdə ciddi irəliləyişlər var.
Türk Dövlətləri Təşkilatı uzun illərdir arzuladığımız, xəyalını qurduğumuz birlik modelinin real formaya düşmüş ifadəsidir
-Türk dünyasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan təhsil qurumlarının üzərinə hansı əsas vəzifələr düşür?
-Əvvəla onu qeyd etmək istərdim ki, Türk Dövlətləri Təşkilatı uzun illərdir arzuladığımız, xəyalını qurduğumuz birlik modelinin real formaya düşmüş ifadəsidir. Uşaqlıqdan eşitdiyimiz “dildə, fikirdə, işdə birlik” ideyasının artıq konkret institusional çərçivəyə qovuşması türk dünyası üçün tarixi bir mərhələdir. Bu təşkilat türk dövlətləri və türk xalqları arasında əlaqələrin yalnız söz səviyyəsində deyil, real mexanizmlər üzərindən qurulmasına imkan yaradır. Bu gün Türk Dövlətləri Təşkilatının nəzdində müxtəlif sahələr üzrə – o cümlədən təhsil istiqamətində – mühüm strukturlar yaradılıb. Universitetlərarası əməkdaşlıq mexanizmləri formalaşdırılıb, Türk Dünyası Universitetlər Birliyi təsis olunub, Orhun Mübadilə Proqramı işə salınıb. Bunlar son dərəcə önəmli addımlardır. Lakin görüləsi işlər də az deyil.

-Elə isə növbəti sualımız məhz bu görüləsi işlərlə bağlıdır. Nələr edilməlidir?
-Hesab edirəm ki, indi əsas mərhələ bu mexanizmlərin kağız üzərində qalmasının qarşısını almaq və onları real məzmuna çevirməkdir. Yəni akademik əlaqələr daha da gücləndirilməli, ortaq tədris proqramları, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri sistemli şəkildə həyata keçirilməlidir. Türk dünyasının gələcəyi məhz bu cür ortaq intellektual və elmi platformalar üzərində qurula bilər. Eyni zamanda Türk Dövlətləri Təşkilatının qəbul etdiyi “Türk Dünyasına Baxış-2040” sənədi də xüsusi əhəmiyyət daşıyır. Bu sənəd diqqətlə öyrənilməli, xüsusilə təhsil sahəsi üzrə qarşıya qoyulan hədəflər aydın şəkildə müəyyənləşdirilməli və onların reallaşması üçün üzv ölkələrin təhsil qurumları koordinasiyalı fəaliyyət göstərməlidir. Bu prosesdə təkcə rəsmi strukturlar deyil, qeyri-hökumət təşkilatları, elmi və mədəni qurumlar da fəal rol oynamalıdır. Biz də öz fəaliyyət sahəmizdə türk dünyasının birliyinə və ortaq gələcəyinə töhfə verməyə hazırıq. Ümumilikdə isə bu sualı fürsət bilib bütün türk dünyasına bir çağırış etmək istərdim: tək-tək atılan addımlarla böyük nəticələr əldə etmək mümkün deyil. Əgər türk dünyasının gələcəyinin güclü olmasını istəyiriksə, birlikdə düşünməli, birlikdə hərəkət etməli və birlikdə layihələr həyata keçirməliyik. Ancaq bu halda ortaq gələcəyimizi möhkəm təməl üzərində qura bilərik.
Biz gənclərə təkcə öz tariximizi və mədəniyyətimizi deyil, eyni zamanda qlobal dünyada baş verən prosesləri də öyrətməliyik
-Bəs dediyiniz bu istiqamət üzrə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
-Bu suala cavabım müsbətdir. Bəli, bu gün proseslər çox ümidverici istiqamətdə inkişaf edir. Bu sahədə fəaliyyət göstərən qurumlar var və onların gördüyü işlər artıq göz önündədir. Gəncliyimizin inkişafı da ümidvericidir. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır. Əksinə, gənclərimizə diqqəti daha da artırmalı, onların dediyimiz istiqamətdə inkişafı və keyfiyyətli təhsil alması üçün bütün imkanları səfərbər etməliyik. Biz gənclərə təkcə öz tariximizi və mədəniyyətimizi deyil, eyni zamanda qlobal dünyada baş verən prosesləri də öyrətməliyik. Çünki dünyada baş verənləri anlamayan bir gənclik gələcəkdə qarşılaşa biləcəyi təhlükələri də dərk edə bilməz. Mövcud riskləri tanımalıdır ki, onlardan necə qorunmağı da bilsin.









