Press "Enter" to skip to content

Məktəbdən Prezidentin örnək davranışına diqqət – VİDEO

Pişik evləri

“Həyat sizə küçə heyvanlarına davrandığınız kimi davransın.” “Biz çox xoşbəxtik…”

BAYRAQDAR MEDİA – Yuxarıdakı şüarlar Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrətə aiddir. O, sosial media hesabında paylaşım edərək maraqlı bir təşəbbüsü ictimailəşdirib.

“Bu şüarlarla şəxsi təşəbbüsümlə bir arzumu həyata keçirdim. Sevimli şagirdlərimizə də bu layihəyə qoşulub reallaşdırmağı tövsiyə etdim. Duyarlılıq, mərhəmət və əsl insani davranışı sözlə deyil, əməlimizlə göstərməyə çalışırıq”, – deyə Almaz Həsrət paylaşımında qeyd edir.

İlham Əliyev və Leyla Əliyevanın heyvansevərliyinin çoxsaylı örnəklərindən
İlham Əliyev və Leyla Əliyevanın heyvansevərliyinin çoxsaylı örnəklərindən

Mediaya açıqlamasında o, eyni zamanda ideyanın ilham qaynağı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin özəlliklə də pişiklərə örnək münasibətini, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın flora və fauna ilə bağlı həyata keçirilən böyük layihələrə imza atmasını gördüyünü deyir: “Prezident İlham Əliyev də, Leyla xanım Əliyeva da heyvanları sevməyin ən yaxşı şəxsi örnəklərini nümayiş etdirir. Doğrudan da insanlarda mərhəmət hissinin oyanması, təbiətin harmoniyasına töhfə verməyə çalışmaq vacibdir. Bu baxımdan biz də pedaqoqlar olaraq şagirdlərimizə bu yüksək dəyərləri məhz belə insanların şəxsində aşılamalı, özümüz də örnək olmalıyıq”.

Almaz Həsrət onu da bildirib ki, ideyanın gerçəkləşməsində sosial mediadan tanıdıqları Çingiz Hacıquliyev adlı bir usta da mühüm rol oynayıb: “Biz o ustanın pişik və itlər üçün yuva düzəltdiyini biləndə xahiş etdik ki, 10 ədəd pişik evi hazırlasın. Sağ olsun, hazırladı, üstəlik 2 evi də özündən hədiyyə etdi. Həm də bizim sifarişimizi vaxtından əvvəl, çox keyfiyyətli bir şəkildə gerçəkləşdirdi. Əlbəttə indiki soyuq havalarda bunu edən insana yalnız təşəkkür düşür”.

“Düşünürəm ki, hər məktəbdə, yaşayış binalarının həyətində bu cür gözəl yuvaların qoyulması yaxşı olardı. Şagirdlərimiz artıq yaşadıqları evlərin həyətlərində bu işi reallaşdırmağa başlayıblar. Məktəbimizin həyətində qoyduğumuz yeni yuvaların sakinlərinə hər gün yemək və su veririk. Ümumiyyətlə isə küçə heyvanlarına kömək edək, onlara gündə yemək və su verməyi unutmayaq. Çünki onlar da bizim kimi canlıdır, onların da bizim kimi yaşamaq hüququ var. Yəni cənab Prezident kimi, Leyla xanım kimi biz də heyvanları sevək və qoruyaq”.

Direktor sonda bu işin ictimailəşməsində yardımını əsirgəməyən məktəbin məzunu Dilşad Məmmədəliyevaya da təşəkkürünü ifadə edib.

Mission News Theme by Compete Themes.