Press "Enter" to skip to content

Maraqlı araşdırma

BAYRAQDAR MEDİA – Journal of Environmental Management jurnalında dərc olunan və Koç Universitetinin Molekulyar Biologiya və Genetika bölməsi ilə Yuta Universitetindən Prof. Dr. Çağan H. Şekercioğlunun müəllifləri sırasında yer aldığı beynəlxalq tədqiqat Türkiyədə canavar–insan qarşılıqlı münasibətlərini uzunmüddətli məlumatlar əsasında araşdırır.

Universitetin xəbərinə əsasən, təxminən iyirmi ili əhatə edən məlumatların təhlilinə əsaslanan araşdırma canavar–insan qarşıdurmalarının təsadüfi xarakter daşımadığını üzə çıxarır: “Münaqişələrin xüsusilə qoyun və keçiçiliyin geniş yayıldığı kənd ərazilərində cəmləşdiyi, mövsümi otlaq vərdişləri, ərazi quruluşu və yaşayış mühitinin parçalanmasının bu qarşılaşmalara birbaşa təsir göstərdiyi müşahidə olunur. Araşdırma həmçinin yol şəbəkələri, yaşayış məntəqələrinə yaxınlıq və torpaqdan istifadə formaları kimi insan mənşəli amillərin qarşıdurma riskini artırdığını göstərir. Ən diqqətçəkən nəticələrdən biri isə bu qarşılaşmaların böyük ölçüdə əvvəlcədən proqnozlaşdırıla bilməsidir. Risk xəritələri vasitəsilə qabaqlayıcı və planlı yanaşmaların hazırlanması mümkün olur”.

Məlumata görə, tədqiqat nəticəsində bəlli olub ki, yerli icmalarla birgə formalaşdırılan mühafizə strategiyaları, heyvan itkilərini kompensasiya edən ədalətli mexanizmlər, təlim və maarifləndirmə tədbirləri, eləcə də ekoloji reallıqlarla uzlaşan ərazi planlaşdırılması insanlarla vəhşi təbiət arasında daha dayanıqlı birgəyaşayış üçün həlledici əhəmiyyət daşıyır: “Araşdırma Türkiyədə vəhşi təbiətin idarə olunması və mühafizəsi siyasətlərinə həm elmi, həm də ictimai baxımdan mühüm töhfələr verir”.

Mission News Theme by Compete Themes.