Əkbər Qoşalı: Əgər “azəri” sözü bizi Türk dünyasından ayıran, kimliyimizi daraldan, tarixi köklərimizi kölgəyə salan anlayış kimi təqdim edilirsə – bu, əlbəttə, qəbulolunmazdır
BAYRAQDAR MEDİA – “Azəri” sözü tarixən mövcud olub, amma etnonim kimi yox, necə deyərlər, daha çox coğrafi-administrativ, bəzən də dini-mədəni anlam daşımış ola bilər.
Bunu Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, bildirib ki, orta yüzillik qaynaqlarında “azəri” ifadəsi Atropatena bölgəsi, yaxud bu ərazidə danışılan bəzi dialektlər üçün işlədilib; lakin bu termin heç vaxt müstəqil xalq adı səviyyəsinə qalxmayıb: “Özəlliklə XIX–XX yüzilliklərdə, imperiyalar dönəmində bu anlayışdan türk kimliyini parçalamaq və zəiflətmək məqsədilə istifadə olunub. Bu anlamda, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səsləndirdiyi fikirlərdə ciddi bir milli həssaslıq və haqlı narahatlıq var. Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir. “Azəriqaz” kimi adlar sovet dönəminin inzibati düşüncəsinin məhsuludur və bu gün onların yenidən dəyərləndirilməsi tamamilə legitimdir”.
Əkbər Qoşalının sözlərinə görə, ancaq burada bir məqamı da dəqiqləşdirməliyik: “Azəri” sözünü işlədən hər kəs avtomatik olaraq milli kimliyimizə qarşı mövqe tutmuş sayılmamalıdır: “Bu termin uzun illər rəsmi sənədlərdə, beynəlxalq dövriyyədə istifadə olunub və müəyyən vərdişlər formalaşdırıb. Problem sözün harada və hansı anlam yükü ilə işlədilməsindədir. Əgər “azəri” sözü bizi Türk dünyasından ayıran, kimliyimizi daraldan, tarixi köklərimizi kölgəyə salan anlayış kimi təqdim edilirsə – bu, əlbəttə, qəbulolunmazdır. Uzun sözün qısası, dövlət qurumlarının adlandırılmasında milli kimliyə zidd anlam yaradan terminlər yenidən nəzərdən keçirilməsi yaxşı olardı”.
Əkbər Qoşalı onu da xüsusi olaraq vurğulayıb ki, “Azəri” sözü Azərbaycan xalqının etnik kimliyini ifadə edən əsas anlayış deyil: “Bizim tarixi-milli kimliyimiz türk kimliyidir. Dilimiz türk dilləri ailəsindəndir, mədəniyyətimiz kökdən türk mədəniyyətidir, son min il üzrə götürsək, türk-islam mədəniyyətidir, dövlətçilik gələnəyimiz türk dövlətçilik düşüncəsinə söykənir. Bu baxımdan, “azəri” anlayışının bizi etnik baxımdan ayrıca bir xalq kimi təqdim etməsi elmi əsaslardan daha çox, sonradan formalaşdırılmış siyasi terminologiyaya dayanır.





