Press "Enter" to skip to content

Aktrisa: 108 manatlıq maaşım yollara xərclənirdi… – VİDEO

Bahar Həmzəyeva səhnədə

Son yeniləmə: 28 Yanvar 2026

Bahar Həmzəyeva: İllərlə eyni adamlar mükafat alır, digərləri isə kənardan həsrətlə baxır.

Sevil AKİFQIZI
Sevil AKİFQIZI

Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyevanın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

-Adətən müsahibəyə hazırlaşanda faktlar toplayıram. Amma bu səfər çətinliklərlə üzləşdim. İllərdir səhnədəsiniz, lakin az danışan sənətçilərdənsiniz. Bu seçimin ardında hansı səbəb var?

-Bu, məndən asılı deyil. Gərək jurnalistlər maraqlansın. Məsələn, siz dəvət etdiniz, mən də razılıq verdim.

Getmə dedilər, fəxri ad vəd etdilər…

-Razısınızsa, bu gün səssizliyi pozaq. Bu, həm oxucularımız üçün, həm də tamaşaçılarınız üçün maraqlı olar. Kimdir Bahar Həmzəyeva?

-Bahar Həmzəyeva sənətini həddən artıq sevən, canı, qanı, ruhu ilə sənətə bağlı və səhnədə heç vaxt sənətinə xəyanət etməyən, bütün varlığı ilə obrazını yaşayan sənət adamıdır. Və o qədər də məşhur olmayan sənət adamıdır.

Bakıda doğulmuşam. Orta məktəbdə oxuyanda ilk dəfə sənət haqqında böyük bacımdan eşitdim. Xatırlayıram, bacım mənə bir dəfə “Aydın” tamaşısından danışdı, aktrisanın yerişindən, onun maneralarından, hətta ən xırda detallarına qədər hər şeyi izah edirdi. Bir gün gəlib dedi ki, bizim məktəbə gəliblər, dram dərnəyinə uşaq yığırlar. O vaxt Suraxanı Mədəniyyət sarayında Xalq artisti Süleyman Ələsgərovun dram dərnəyi fəaliyyət göstərirdi. Mən də ora üzv oldum. Bir sözlə, sənətə gəlməyimdə bacımın da mənə çox böyük təsiri olub.

1983-cü ildə İncəsənət Universitetinin Dram və Kino fakültəsini bitirdim və Sumqayıt Dövlət Dram Teatrına təyinat aldım. İlk rolum Panço Pançevin “Dörd əkiz” tamaşası idi. Sonra rəhmətlik Ədalət Ziyatxanov “Almaz” televiziya tamaşasında Almaz rolunu mənə tapşırdı. O vaxt efirə hər adamı buraxmırdılar, məşhur olmayan adamlar bədii şuradan keçməli idi. O şuradan keçənlərdən biri mən idim, biri də Xalq artisti Vidadi Həsənov. Daha sonra Sumqayıt teatrında “Oktay Eloğlu” tamaşasında Firəngiz rolunu uğurla ifa etdiyim üçün “Cəfər Cabbarlı” mükafatına layiq görüldüm. Altı-yeddi il Sumqayıt teatrında çalışdım. Sumqayıt-Bakı arasında gediş-gəliş çətin olduğuna görə Hüseynağa Atakişiyevin Gənclər Teatrına dəvətini qəbul etdim. Yenə də Sumqayıt Teatrından məni buraxmaq istəmirdilər. Deyirdilər ki, sənə ev veriləcək, fəxri ad alacaqsan, getmə. Hətta gənc mütəxəssis kimi ev növbəsində birinci yerdə idim. Amma neçə illər Sumqayıt-Bakı yollarında qalmışdım. Vaxtım gedirdi, 108 manatlıq maaşım yollara xərclənirdi. Bir sözlə, mənim üçün çətin idi. Nəhayət, Gənclər Teatrına gəldim. Aparıcı rollar oynadım. Bir gün xalq artisti, professor İlham Namiq Kamal “İlham” Miniatür Teatrını yaratdı. 4-5 nəfərlik kiçik bir truppa ilə açılışı etdik. İlk təcrübəmiz də “Dünyanın axırı” tamaşası idi. O teatrda çox uğurlu tamaşalarımız olub. Paralel iki teatrda işləyirdim: Gənclər Teatrı və “İlham” Miniatür Teatrı. Bir qədər sonra ailə qurdum, teatrdan ayrı düşdüm. Yenidən öz teatrımıza qayıtmaq istəyəndə artıq Hüseynağa müəllim rəhmətə getmişdi. Bir neçə teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirdilər, yer yox idi. Rəhbərlik dedi ki, gözlə, yer olanda çağırarıq. Lakin proses çox uzandığı üçün Şuşa Dövlət Musiqili Dram Teatrına gəldim. Artıq 10 ildir ki, burada işləyirəm.

-Bahar xanım, bu gün geriyə dönüb baxanda nələri dəyişmək istəyərdiniz?

-Gördüyüm işləri bir qədər tezləşdirərdim. Daha çox tamaşalarda oynayardım. Teatra gələndə bizə deyildi ki, hər kəs öz işi ilə məşğul olsun. Mən də uzun müddət belə də etdim, nə verilirdisə, onu da oynadım. Lakin Şuşa Teatrına gələndə gördüm ki, burada boşluq var və sadəcə gözləsəm, illərlə vaxt itirəcəyəm. Ona görə də təşəbbüs göstərdim, tamaşa hazırlamağı təklif etdim və fəaliyyətə başladım. Yəni kaş ki, bütün bunları daha tez edərdim, daha çox səhnəyə çıxardım.

Mənim heç bir fəxri adım yoxdur…

-Sənət adamı kimi fəxri adlar sizin üçün nə ifadə edir?

-Fəxri ad və mükafat sənət adamına verilən dəyərdir. O, insanı daha yaxşı oynamağa, daha çox işləməyə həvəsləndirir. Teatr Xadimləri İttifaqının çox gözəl ənənəsi var. Müsabiqə təşkil edirlər. Bu müsabiqələrin birində ilk dəfə mən də iştirak etdim. Müsabiqə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Sənsiz” adlı bədii qiraət müsabiqəsi idi. İki qəzəl hazırladım, üçüncü yeri tutdum. Daha sonra yenidən qatıldım. Artıq təcrübəli idim, nəyi necə etmək lazım olduğunu bilirdim və bu dəfə birinci yerə layiq görüldüm. Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsində. Həmin müsabiqədə müxtəlif teatrlardan çoxlu iştirakçı var idi. Bəziləri sadəcə adi fəxri fərman aldı, bəziləri isə ümumiyyətlə yer tutmadı. Sonralar gördüm ki, bir çoxu mükafat alıb. Açığı, təəccübləndim. Hər müsabiqədə iştirak edirəm, yer tuturam, amma indiyədək bir dəfə də olsun mükafat almamışam. Deməli, mən diqqətdən kənarda qalmışam. Təəssüf ki, mənim heç bir fəxri adım da yoxdur. Olarsa, nə yaxşı, olmazsa da əlimdən nə gəlir.

Mənim işlədiyim teatr əyalət teatrıdır. Keçən il isə aparıcı teatr statusu aldı. Düşünürəm ki, bizdə ən çox diqqət böyük teatrlara verilir… Məncə, bu sahədə ədalət tam qorunmur. Məsələn, biz eyni dövrdə, eyni universitetdə, eyni müəllimlərdən dərs almışıq, eyni rolları oynamışıq. Amma indi kimin şansı gətirir və ya müəllimi özü ilə aparırsa, gedir düşür Akademik və ya yüksək kateqoriyalı şəhər teatrına. Hətta maaşlar arasında da fərq çoxdur.

Mən Şuşa Teatrına gələndə altı ay pulsuz işləmişəm. Uzun illər 150 manat maaşla çalışmışam, sonra nəhayət maaşımı bir qədər qaldırdılar. Sənətin xatirinə dözmüşəm. Açığı, başqa heç bir teatrda dözmədiyim çətinliklərə dözdüm. Bu illər ərzində bir dəfə də olsun heç olmasa, mükafat belə verilmədi.

Bahar Həmzəyeva müxtəlif rollarda
Bahar Həmzəyeva müxtəlif rollarda

Bu sistem tamamilə ləğv olunmalıdır…

-Teatr rəhbəri dəyişir, amma qoyduğu izlər uzun müddət qalır. Şuşa Teatrına rəhbərlik etmiş Əməkdar artist Yadigar Muradovu necə xatırlayırsınız?

-Yaxşı insan idi. Aktyora dəyər verirdi. Bir dəfə mənə dedi ki, sən ən yüksək ada layiqsən, amma bu, məndən asılı deyil. Bilirsiniz, aktyor üçün ən vacib olan rəhbərliyin ona dəyər verməsidir. Elə məsələlər də var ki, teatrdan asılı deyil. Bizim çox istedadlı aktyorlarımız var, fəxri adlara layiq aktyorlardır. Arzu edirəm ki, teatrımıza diqqət göstərilsin, fəxri adlar və mükafatlar verilsin. Yaxınlarda məni çox sevindirən hadisə baş verdi. Teatrımızın aktyoru Rasəf Mehdiyevə Prezident mükafatı verildi. Bilirsiniz, mükafat almaq sevinc yaradır, ümid yaradır ki, almayanlar da ala bilər. Elə hallar olur ki, illərlə eyni adamlar mükafat alır, digərləri isə kənardan həsrətlə baxır. Bu il az da olsa dəyişiklik hiss olundu, bu, sevindiricidir. Məncə, ya bu sistem tamamilə ləğv olunmalıdır, ya hamıya verilməlidir, ya da heç olmasa növbə prinsipi ilə tətbiq edilməlidir. Xüsusən əyalət teatrlarında işləyənlərin demək olar ki, heç birinin maddi imkanı yoxdur. Sosial məsələlər – məsələn, imkansızlara, evsizlərə kömək göstərilməsini – sosial fondlar öz üzərinə götürə bilər. Teatrın daxilində isə əsas meyar sırf yaradıcılıq olsun. Mükafatlar konkret uğura görə verilsin. Bu daha düzgün olar. Ən əsası isə teatrlar arasında fərq qoyulmasın. Məsələn, bu rayon teatrıdır, aşağı kateqoriyadır, bu şəhər teatrıdır kimi. Çünki rayon teatrlarında elə istedadlı aktyorlar ola bilər ki, heç Akademik Teatrda eləsi olmasın.

-Sizcə, bu fərq nədən yaranıb?

-Yəqin ki, səbəb mərkəzdə olmaları olub. Onsuz da mərkəzdədirlər, şəraitləri var, binaları gözəldir, maaşları da yüksək. Bu yaxınlarda bir yazı oxudum. Orada yazılmışdı ki, ən çox dəyər alan istedadlı yox, üzdə olandır. Sırf bizim sənətimiz haqqında yazılmamışdı. Amma eyni ilə bizim sənətə şamil etmək olar. Arzu edərdim ki, Mədəniyyət Nazirliyi bizim aktyorlara da fəxri adlar versin.

-Bilirik ki, Şuşanın adını daşıyan teatrın köçürülmə məsələsi illərdir müzakirə olunur. Bu gün teatrın daxilindən baxanda bu proses hansı mərhələdə görünür?

-İnsanlar hissə-hissə köçürülür. Bu kimi məsələlər də dövlət səviyyəsində həll olunur. Bu haqda bir söz deyə bilmərəm. Amma bir maraqlı faktı qeyd etmək istəyirəm. İlk dəfə Şuşa tədbirləri keçiriləndə Şuşa teatrının aktyor truppası kənarda qaldı, başqaları getdi. Mən bayaq qeyd etdiyim kimi, Natəvanın qəzəlini demək üçün müsabiqədə iştirak edib birinci yerə çıxmışam. Ramiz Fətəliyev, Bəhram Osmanov, rəhmətlik Nadir müəllim, Hacı müəllim kimi görkəmli insanların, Xalq artistlərinin sücgəzindən keçib qalib olmuşam. Şuşada keçirilən həmin tədbirdə kənarda qalsam da çox sonralar, şükürlər olsun ki, mən də iştirak edə bildim.

-Maraqlıdır, filmlərə dəvət alırsınızmı?

-Çox az dəvət almışam. O vaxt İranla sərhədlər açılanda ilk İran-Azərbaycan birgə film layihəsinə seçildim. Tərəf müqabillərim Xalq artisti Həmidə Ömərova, Rasim Balayev, Lətifə Əliyeva ilə birlikdə İrana getdik. Orada “Divlər zindanı” filminə çəkildik. Sonra “Ölülər” filminə çəkildim. Bu yaxınlarda isə Aqil Nağıyevin “Ata” filminə…

-Az dəvət olunmağınızın səbəbi nədir bəs?

-Açığı, bir ara filmlərə dəvət aldığım dövrdə teatrda müəyyən problem yarandı. Qısa müddətlik icazə verirdilər, sonra isə deyirdilər ki, bəsdir. İndi isə düşünürəm ki, artıq problem olmaz. Bilirsiniz, bəzən elə olur ki, bu məsələlərdə şəxsi münasibətlər rol oynayır.

-Elə rol varmı ki, gənclər onu səhnədə edə bilir, siz isə edə bilmirsiniz?

-Boyum 1.63, çəkim 50–52 kiloqramdır. Bu göstəricilər mənə, teatrın ən yaşlı aktrisası olmağıma baxmayaraq, uşaq tamaşalarında çıxış etməyə imkan verir. Yaşıdlarım arasında ən zərif olanlardan biriyəm. Plastikam, səsim və aydın diksiyam buna şərait yaradır. Elə buna görə də böyük tamaşalarla yanaşı hazırda altı nağıl tamaşasında rol alıram.

Xatırlayıram, universiteti bitirəndə rəhmətlik Ənvər Dadaşov və digər müəllimlərim məni orada müəllim kimi saxlamaq istəyirdilər. Amma mən dedim ki, aktrisa olmaq istəyirəm. Və orada qalmadım. Məndən sonrakı dövrdə institutda qalan aktyorlara baxıram, bəlkə də düzgün seçimi onlar ediblər. Bu gün Xalq artistidirlər. Mən isə…

Ədalətli dəyər lazımdır…

-Elə hallar olub ki, uşaqlarıma baxdığım üçün qısa müddət işləməmişəm və bunu bəziləri bəhanə edib əllərində bayraq edirlər. Çünki başqa bəhanələri yoxdur.

Elələri var ki, illərlə səhnəyə çıxmır, oynamır, sonra işləyəndə yüksək maaş, təqaüd və ya mükafat alır. Alsınlar, çox gözəl. Amma mən müəyyən müddət işləməsəm belə, Gənclər Teatrında və “İlham” Miniatür Teatrında paralel şəkildə müxtəlif tamaşalarda oynamışam. Hər iki teatrda həftənin əksər günləri işləyərək həmin dövrdəki planı doldurmuşam. Şuşa teatrında isə 8-9 il ardıcıl olaraq hər Yeni il və hər Novruz bayramında gündə üç seans tamaşa oynanılıb, dublyorlarla da olsa bütün plan tam doldurulub. Bayram günlərində həm uşaq, həm də böyüklər üçün tamaşalar təqdim etmişik. Müharibə mövzusunda “Əsgər papağı” tamaşasını qastrollarda oynadıq. “Ana” tamaşası, siz də baxmısınız. Ən son “İnanıram” monotamaşasını hazırladım.

Bu yaxınlarda başqa teatrların rejissorları da mənə dedilər ki, sən işləmədiyin dövrləri artıqlaması ilə doldurmusan. Deyirlər ki, tez-tez eşidirik, tamaşalar oynayırsan, həm yeni, həm də köhnə əsərlərlə səhnədəsən…

Mission News Theme by Compete Themes.