BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsi elan edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “müsabiqə çərçivəsində energetika, neft-kimya və materialşünaslıq; kənd təsərrüfatı və biotexnologiya; informasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya; ekologiya və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması; memarlıq, tikinti, dizayn və şəhərsalma elmləri; farmakologiya və əczaçılıq elmləri üzrə birgə elmi layihələrin qəbulu həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası məqsədilə qarşı ölkədən tərəfdaş müəyyən etməli və hər iki ölkənin müsabiqə şərtlərinə uyğun olaraq eyni mövzu üzrə birgə elmi layihə təqdim etməlidirlər. Müsabiqənin bütün mərhələlərində yalnız hər iki tərəfin müsbət rəyini almış layihələr növbəti mərhələyə buraxılacaq”.
Qeyd edək ki, Azərbaycan tərəfi üzrə elmi layihələrin qəbulu 15 mart 2026-cı il tarixinədək aparılacaq. Layihələr müvafiq forma doldurulmaqla science@eatda.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqə ilə bağlı ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.





