Press "Enter" to skip to content

Bakıda təhsillə bağlı daha bir vacib tədbir

Tədbirdən xatirə fotosu

Şəmil Sadiq: “Hədəfdə STEAM-8” təhsil sahəsində STEAM metodunun XXI əsrin bacarıqlarına uyğun tətbiqi üçün nəzərdə tutulan vacib platformadır

BAYRAQDAR MEDİA – Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin açılış mərasimi keçirilib.

Bu barədə Hədəs Şirkətlər Qrupundan məlumat verilib.

Robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış
Robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış

Məlumata görə, tədbir başlamazdan əvvəl robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış olub: “Ümumilli lider Heydər Əliyevin, qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib”.

Bədii hissə
Bədii hissə

Məlumatda deyilir ki, bədii hissədən sonra Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru və tədbirin moderatoru Nizami Hüseynov çıxış edib. O, bildirib ki, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədilə təşkil olunan seminar-treninqdə beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə olunacaq.

Cəfər Cəfərov: Dünyada baş verən sürətli texnoloji dəyişikliklər təhsilin məzmununa və metodologiyasına yenidən baxılmasını zəruri edir

Açılış mərasimində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün dünyada baş verən sürətli texnoloji dəyişikliklər təhsilin məzmununa və metodologiyasına yenidən baxılmasını zəruri edir: “Məhz bu baxımdan STEAM yanaşması yalnız fənlərin inteqrasiyası deyil, eyni zamanda şagirdlərin analitik düşünmə, problem həll etmə, yaradıcılıq və innovativ yanaşma bacarıqlarının inkişafına yönəlmiş müasir təhsil fəlsəfəsidir”.

Cəfər Cəfərov
Cəfər Cəfərov

Prof. Cəfər Cəfərov bildirib ki, məhz bu səbəblə də ölkənin əsas pedaqoji kadr hazırlığı mərkəzlərindən olan Pedaqoji Universitetdə STEAM yanaşmasının tətbiqi sistemli və ardıcıl xarakter daşıyır: “2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzi yalnız təlim və layihələrlə kifayətlənmir, eyni zamanda müəllim hazırlığında yeni məzmun yaradır, elmlə təhsilin real inteqrasiyasını təmin edir və region üçün nümunəvi bir STEAM platforması rolunu oynayır. Hazırda universitetdə 8 ixtisas üzrə STEAM əsaslı dərslərin tədris olunması bu istiqamətdə atılan addımların real nəticəsidir. C. Cəfərov “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin təhsilin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin müasir təhsilin əsas çağırışlarına cavab verən yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etdiyini bildirib”.

Nicat Məmmədlinin “Van Qoqun Günəbaxanları” mövzusundakı təqdimatı maraqla qarşılanıb

Məlumata əsasən, daha sonra Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Nicat Məmmədli, Türkiyənin Mudanya Universitetinin təsisçisi Qiyasəddin Bingöl, Qazaxıstan Təhsil Nazirliyi və ORLEU Təkmilləşdirmə İnstitutunun direktoru Meruert Medetbekova, Nizami adına Özbəkistan Pedaqoji Universitetinin nəzəriyyə və metodika kafedrasının dosenti Ugiloy Kusanova, Qırğızıstan İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunun Beynəlxalq şöbəsinin baş mütəxəssisi Akunbek Ergeşov çıxış ediblər: “Natiqlər, layihənin əhəmiyyətindən və dünyadakı müasir çağırışlardan danışıblar.

Nicat Məmmədli
Nicat Məmmədli

Nicat Məmmədlinin “Van Qoqun Günəbaxanları” mövzusundakı təqdimatı maraqla qarşılanıb”.

Təlim-treninqlərinin əsas məqsədi müasir dünya təhsilinin qabaqcıl modellərindən olan STEAM əsaslı təhsilin Azərbaycanda tətbiqi təcrübəsini paylaşmaqdır

Sonda bir daha çıxış edən “Hədəfdə STEAM” layihəsinin rəhbəri Şəmil Sadiq vurğulayıb ki, ardıcıl keçirilən Hədəfdə STEAM təlim-treninqlərinin əsas məqsədi müasir dünya təhsilinin qabaqcıl modellərindən olan STEAM əsaslı təhsilin Azərbaycanda tətbiqi təcrübəsini paylaşmaqdır: “Hədəf liseyləri tədrisi STEAM yanaşması üzərində qurulan, Azərbaycanda bu modeli sistemli şəkildə tətbiq edən ilk lisey kimi müsair mərhələdə də bu innovativ yanaşmanı uğurla davam etdirir”.

Şəmil Sadiq
Şəmil Sadiq

O vurğulayıb ki, “Hədəfdə STEAM-8” təhsil sahəsində STEAM metodunun XXI əsrin bacarıqlarına uyğun tətbiqi üçün nəzərdə tutulan vacib platformadır: “Yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq mütəxəssisin iştirakı layihənin əhəmiyyətini artırır”.

Müxtəlif mövzularda elmi məruzələr dinlənilib

Açılış mərasimindən sonra müxtəlif mövzularda elmi məruzələr dinlənilib.

Qonaq çıxışçı
Qonaq çıxışçı

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hədəf Şirkətlər Qrupu və Türkiyənin Doğu Akdeniz Universitetinin təşkilatçılığı ilə keçirilən “Hədəfdə STEAM-8” təlim-treninqində ümumilikdə 6 məruzə, Azərbaycan, rus və ingilis dillərində 5 blok üzrə 36 təlim və 5 seminar təqdim olunub. Təlim və seminarlarda STEAM metodu, bu metodun Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və Qazaxıstanda tətbiqi, perspektivləri və faydaları, süni intellekt əsrində qlobal çağırışlar və yeni təhsil həlləri, texnologiyanın sərhədlərini genişləndirən innovativ yanaşmalar əsas araşdırma və müzakirə mövzusu olub.

Tədbir zamanı
Tədbir zamanı

“Hədəfdə STEAM-8” təlim-treninqi yanvarın 27-də başa çatacaq. İştirakçılara sertifikat və plaketlər, xatirə hədiyyələri təqdim ediləcək.

Mission News Theme by Compete Themes.