Press "Enter" to skip to content

Türkü inkar edən yalan dövlət siyasəti

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Azərbaycan türkləri yaşadığımız bölgənin ən böyük nüfuza malik millətidir. Sovet rejimi və ondan əvvəlki rus təbliğatı ilə İran fars hiyləgərliyi zaman-zaman bizi bu coğrafiyadan silməyə çalışsa da buna nail ola bilməmişdir. Buna gücləri çatmadıqda isə bu dəfə birbaşa türk kimliyimizə hücum etdilər. Bizə “türk” deməmək üçün müxtəlif adlar uydurdular. Lakin nə qədər çalışsalar da, türklüyümüzün dəlilləri o qədər açıq, aydın və günəş kimi parlaqdır ki, nə bizi, nə də milli kimliyimizi yox etməyə gücləri yetmədi.

Quzey Azərbaycanda müstəqil bir türk dövləti qurulduqdan sonra isə onların bütün planları əbədi olaraq puça çıxdı. Çünki gənc bir dövlət olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti ata-babaları olan türk dövlətlərinin varisi və bölgədəki bütün Azərbaycan türklərinin hamisi və təminatıdır. İranı əsəbləşdirən də məhz budur. Elə bu qorxu səbəbi ilə də bütün gücü ilə bölgədəki türk varlığını inkar etməyə çalışır. Hətta İranda hakimiyyət qurmuş Səlcuqlular və ardıcıllarını “monqol” adlandırmaq cəhdləri bunun açıq göstəricisidir.

İran və Qafqaz coğrafiyasındakı türkləri və türk dilini “monqolların gətirdiyi xəstəlik” kimi təqdim etməyə çalışırlar. Bu, keçmişdə rusların bizə “tatar” və ya “monqol” kimi adlar deməsindən fərqli deyil. İran bu məqsədlə bizi guya sonradan türkləşmiş fars mənşəli “azəri”lər kimi göstərir və İranda yaşayan türkləri etnik azlıq sayır. Ən gülünc tərəfi də budur: min ildən artıq fasiləsiz şəkildə İran adlanan coğrafiyanı idarə edən bir millətin bu gün “etnik azlıq” kimi təqdim olunması.

Düşünün: min ildən artıq müddətdə saysız-hesabsız dövlətlər qurulub, dövlətlər yıxılıb və bu müddətdə qurulan bütün dövlətlərin türk dövləti olduğu tarixi həqiqət olduğu halda, bu millət necə “etnik azlıq” ola bilər? Səlcuqlulardan sonra Atabəylər, Xarəzmşahlar, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və nəhayət Azərbaycan Cümhuriyyəti — hamısı türk dövlətləridir. Əgər arxa-arxaya bu qədər dövlət quran milləti “etnik azlıq” adlandırırlarsa, onda bölgənin “əsas milləti” sayılan farsların heç danışmaması və susması gərəkdir.

Lakin 1925-ci ildən sonra Qərblə razılaşaraq və onların dəstəyi ilə dövlət çevrilişi edildi, mövcud türk dövlətinin üzərində Pəhləvi rejimi quruldu. Üstəlik, bu çevriliş belə türk dəstəyi ilə həyata keçirildi. Azərbaycan Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan yolunda” kitabında yazdığı kimi, farslar tarix boyunca sıfırdan dövlət qurmaq əvəzinə, mövcud bir dövlətin içinə gizlicə yerləşmiş, hər tərəfə yayıldıqdan sonra isə qəfil inqilab edərək hakimiyyəti ələ keçirmişlər. 1925-ci il Pəhləvi çevrilişi də məhz bundan ibarətdir.

Eyni proses 1979-cu il İran İslam inqilabında da təkrarlandı. Hər iki hərəkat əvvəlcə sosial xarakter daşıyırdı, sonradan fars milli inqilabına çevrildi. Bu proseslərdə aldadılan isə yenə biz — türklər olduq. Ancaq aradan bir əsr belə keçməmiş, uçurumun kənarına gətirdikləri, rəzil vəziyyətə saldıqları dövləti xilas etmək üçün yenidən türklərə möhtac qaldılar və Məsud Pezeşkianı önə çıxardılar. Son hadisələr göstərdi ki, molla rejiminin bütün bacarıqsızlığına və hətta qəddarlığına baxmayaraq, İranda ən məntiqli davranan və vəziyyəti sakitləşdirməyə çalışan yenə Məsud Pezeşkian oldu.

Son söz olaraq, bizi bu bölgədə yox saymağa çalışanlara səslənirəm: bizi yox saymasınlar. Min ildir bizi bu torpaqlardan silmək istəyənlərin özləri silinib getdilər, amma biz buradayıq və qiyamətə qədər də burada olacağıq. İbrət almaq istəyənlər tarixə baxsınlar.

Mission News Theme by Compete Themes.