Asemgül Bayel Bakı Beynəlxalq Qadınlar Klubunun yeni prezidneti seçilib
BAYRAQDAR MEDİA – Bakı Beynəlxalq Qadınlar Klubunun (International Women’s Club Baku) yeni prezidenti seçilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, 1 fevral tarixindən etibarən Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin həyat yoldaşı xanım Asemgül Bayel seçilib: “Xanım A. Bayelin seçilməsi, otuz ildən artıq müddətdir diplomatik icmanı, beynəlxalq təşkilatları və işgüzar dairələri təmsil edən qadınları bir araya gətirən, mədəni dialoqun inkişafına, xeyriyyə təşəbbüslərinə töhfə verən, habelə Azərbaycanda müxtəlif xalqlara və millətlərə mənsub qadınlar arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən Klubun fəaliyyətində yeni mərhələnin başlanğıcını simvolizə edir. Xanım Asemgül Bayel son illər ərzində xeyriyyə tədbirləri təşkil etməklə Klubun fəaliyyətində fəal iştirak edib”.

O da vurğulanıb ki, Bakı Beynəlxalq Qadınlar Klubu əvvəlki prezidentə göstərdiyi töhfəyə və dəyərli fəaliyyətinə görə səmimi minnətdarlığını bildirib, eyni zamanda xanım Asemgül Bayeli salamlayıb və ona Klubun gələcək inkişafına və onun missiyasının möhkəmləndirilməsinə yönəlmiş yeni təşəbbüslərin həyata keçirilməsində uğurlar arzulayıb: “Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) – otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır”.





