BAYRAQDAR MEDİA – Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq. Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq”.
Ardınca xəbərdə, “sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi”nin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir. Bununla bağlı sözügedən Nazirliyin Kollegiyasının müvafiq Qərarı ilə DDLA-nın dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib. Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür” də qeyd olunur.





