BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səfiri səmimi salamlayan A.Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır. Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir”.
Sonra xəbərdə, “səmimi qəbula görə təşəkkür edən B.Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib” deyə qeyd olunur.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





