BAYRAQDAR MEDİA – Azərbaycanın ən yaşlı sakinlərindən biri, ömrünün bir əsrindən çoxunu geridə qoyan 113 yaşlı Xeyrənisə Baxışəliyevanın illərdir qəlbində böyütdüyü Kəlbəcər nisgili vüsalla əvəz olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “təqdim olunan videoreportaj bir insanın vətən sevgisinin zamanı və məsafələri necə məğlub etdiyini göstərir. Videoreportajda iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılıb: 2024-cü ildə Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə X.Baxışəliyevanın gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır”.
Ardınca xəbərdə, “2025-ci ildə Kəlbəcərin azad nəfəsi altında, artıq öz yurdunda çəkilən müsahibədə isə X.Baxşəliyeva artıq qonaq deyil, ev sahibidir. Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub”.
Qeyd edək ki, videoreportaj QMKİDK-nin təşkilatçılığı və Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanıb.





