BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası CHP-nin səs payını ən çox artırdığı 11 ili açıqlayan ORC Araşdırma, bu yüksəlişin arxasında duran adları da ictimaiyyətə təqdim edib. Siyahıda ən çox diqqət çəkən ad isə Ankaraya açıq mesaj verən həmin şəxs olub.
Bu barədə yeniankara.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, ORC Araşdırma tərəfindən paylaşılan məlumatlar CHP-nin 14 may 2023-cü il seçkilərindən 2026-cı ilin yanvar ayınadək olan dövrdə səs payını ən çox artırdığı vilayətləri və bu artımda pay sahibi olan şəxsləri üzə çıxarıb: “ORC-nin 2026-cı ilin yanvar ayına dair məlumatlarına görə, Bolu vilayətində CHP-nin səs nisbəti 2023-cü ilin mayında qeydə alınan 21,9 faizdən 29,4 faizə yüksəlib. 7,5 faizlik bu artımın əsas memarı kimi isə siyahıda Tanju Özcan adı ön plana çıxır. Siyahıdakı bu uğuru ilə diqqət çəkən Tanju Özcanın adı bir müddətdir Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla birgə çəkilir. T.Özcan 2025-ci ilin dekabr ayında Sözcü TV-də qatıldığı canlı yayımda siyasi hədəfləri ilə bağlı suala cavab verərkən, “daha böyük bir şəhərdə bələdiyyə sədri olmaq” istədiyini bildirib. Aparıcının “İstanbulmu, Ankaramı?” sualına isə İstanbul variantını qəti şəkildə rədd edən T.Özcan, hədəfini “Boludan çox yaxın bir böyükşəhər” sözləri ilə ifadə edərək Ankara Böyükşəhər Bələdiyyəsini (ABB) işarə edib”.





