BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasında boşalmış 3 yerə seçki keçirilib.
Bununla bağlı Milli Məclisin fevralın 2-də keçirilmiş plenar iclasında müzakirə aparılıb.
Maraqlıdır ki, media qurumlarının bir çoxunda Yayım Şurasının yeni üzvlərinin seçildiyi haqqında xəbər verilsə də konkret olaraq kimlərin seçilməsi tam aydın olmur. Bu xəbərlərdə hətta artıq səlahiyyət müddəti bitmiş Şura üzvlərinin adları da fəaliyyətdə olan üzv kimi göstərilir.
Bu qarışıqlığı nəzərə alaraq BAYRAQDAR MEDİA Milli Məclisin yaydığı xəbərlər vasitəsi ilə məsələyə aydınlıq gətirib.
Beləliklə, MM-in yaydığı xəbərə görə, “…təqdim olunan namizədlərlə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində idman federasiyalarından Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Həcərxanım Babayeva İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər”.
Yəni bu qədər aydın və açıq bir xəbəri media qurumları niyə elə qəliz və anlaşılmaz təqdim edir axı?
Yeni üzvləri də nəzərə almaqla Yayım Şurasının tərkibi aşağıdakı kimidir:
Teymur Kərimli – AMEA,
Azər Həsrət – Azərbaycan Mətbuat Şurası,
Sevil Yusifova – qadın təşkilatları,
Vüqar Zeynalov – Sahibkarlar Şurası,
Həsən Cəfərov – Həmkarlar İttifaqları Konfederasiyası,
Azər Əliyev – gənclər təşkilatları,
Salman Musayev – dini konfessiyalar,
Rəşad Rəsullu – idman federasiyaları,
Həcərxanım Babayeva – yaradıcılıq təşkilatları.
Əlavə edək ki, Yayım Şurası üzvlərindən Yusif Babanlı (idman federasiyaları), Salman Musayev və Zemfira Qafarovanın (yaradıcılıq təşkilatları) səlahiyyət müddəti ötən il başa çatıb. Onlardan yalnız Salman Musayev növbəti dəfə seçilə bilərdi və seçilib. Çünki Yayım Şurasının üzvləri hərəsi 6 il olmaqla cəmi 2 dəfə seçilə bilər ki, Yusif Babanlı və Zemfira Qafarova artıq bu müddəti başa vurub.





