Press "Enter" to skip to content

Qərb mədəniyyəti deyilən canavarın həqiqi üzü

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy məşhur Çanaqqala şeirində Avropa mədəniyyəti haqqında “Mədəniyyət dediyin tək dişi qalmış canavar” ifadəsini işlədib. Bəlkə ondan sonra gələnlər bu sözün mahiyyətini tam dərk etmirlər, lakin Birinci Dünya Müharibəsi illərində yerli və milli ziyalılar Avropa mədəniyyətinin nə qədər vəhşi bir mədəniyyət olduğunu açıq şəkildə gördülər.

Bizə gəldikdə isə, 90 il Çar, 71 il Sovet Rusiyasının vəhşiliyini yaşamış bir xalq olaraq, ruslardan qurtuluş üçün Qərb mədəniyyətinə yaxınlaşmağımız lazım gəldiyini qulağımıza pıçıldayanlar oldu. Bizə, “rus boşluğunu Qərb mədəniyyəti ilə doldurun” dedilər. Onlara görə, guya bizim milli mədəniyyətimiz geridə qalmış və köhnə idi. Hətta bəziləri ağızlarını əyərək milli mədəniyyətimizi təhqir edir, ona müxtəlif adlar qoşaraq aşağılamağa çalışırdılar. Bu müstəmləkə zehniyyətli adamlar üçün yeganə qurtuluş yolu Qərb mədəniyyəti idi.

Bu mövzuda Xalq şairimiz Bəxtiyar Vahabzadənin misraları çox düşündürücüdür:

Bir zaman rusca idi reklam işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.

Halbuki bu “mədəniyyət” bizə keçmişdən yaxşı tanışdır. Sadəcə biz bunu unutmuşuq. Cümhuriyyət dövründə bizə qarşı erməniləri dəstəkləyən də eyni mədəniyyət idi. Bizi ruslardan qoruyacaqlarına söz verib 1920-ci ildə bolşeviklərin önünə atan da həmin Qərb idi. Məhəmməd Rza Şaha dəstək verib bir ildə xalqın zəhmətini və fədakarlığını Təbriz meydanında yox edən də yenə Qərb mədəniyyəti oldu.

Eyni şəkildə Qarabağ müharibəsində bu “mədəniyyətin” ən ağır silləsini dadmış bir millətik.

Dünyanın gözü qarşısında Qarabağda törədilən soyqırıma kor olan, hətta ermənilərə açıq dəstək verən də Qərb deyildimi?

İşğalı 30 il uzadan, biz haqqımızı almaq istəyəndə qarşımıza çıxanlar da elə onlar olmadımı?

Öz çıxardıqları qanunlara belə əməl etməyən, amma bizə dərs keçməyə çalışan yenə Qərb deyilmi?

Otuz il Qarabağda bizdən bir nəfərin belə yaşamamasına səs çıxarmayan, torpaqlarımızı azad edəndə isə bizi “etnik təmizləmə” ilə ittiham edən Avropa Parlamenti deyilmi?

Bütün bunları edən yenə Qərb mədəniyyətidir.

Hazırda ortaya çıxan Epşteyn sənədləri bütün dünyanı sarsıdıb. Məşhur siyasətçilərin, elm adamlarının, incəsənət xadimlərinin, media və iş adamlarının azyaşlı uşaqlara qarşı törətdiyi iyrənc cinayətlər, zorakılıqlar və şeytani ayinlər ifşa olunub. Bu çirkinliklərin mərkəzində də yenə Qərb dünyası dayanır.

Amma bizə davamlı olaraq Qərb mədəniyyətinin “üstünlüklərindən” danışanlar bu mövzuda ya susurlar, ya da məsələni kiçildib keçişdirməyə çalışırlar.

Eyni hərəkəti Türk və ya Müsəlmanlar etsəydilər, onların reaksiyası belə olardımı?

Əlbəttə yox.

Çünki bu adamların düşmənliyi haqsızlığa, cinayətə və ədalətsizliyə deyil, öz millətinə və öz dəyərlərinə qarşıdır. Bunlar Çingiz Aytmatovun dediyi manqurtlardır. Qərbin buyruğundan çıxmayan, hara desələr ora gedən adamlardır.

Nəticə olaraq, bizə sırınan Qərb mədəniyyəti qan və göz yaşından başqa bir şey deyil. Bosniyanın əfsanəvi lideri Aliya İzzətbegoviçin də dediyi kimi: “Bunu heç unutma, övlad. Qərb heç vaxt həqiqi mənada mədəni olmayıb. Onun bugünkü rifahı əsrlər boyu davam edən müstəmləkəçilik, tökülən qanlar, axıdılan göz yaşları və çəkdirilən acılar üzərində qurulub”.

Mission News Theme by Compete Themes.