Ufuk Arca Turganer: Çevrilişə cəhd edənlərin qalib gələcəyi təqdirdə, bunun ağır nəticələri təkcə Türkiyədə deyil, bütün türk dünyasında, o cümlədən KKTC-də də hiss ediləcəkdi
BAYRAQDAR MEDİA – “15 iyul dövlət çevrilişi cəhdinin məqsədi açıq və birmənalı idi: Türkiyə Cümhuriyyətinin müstəqilliyinə, dövlətçiliyinə və milli iradəsinə son qoymaq. Terror şəbəkəsi tərəfindən həyata keçirilən bu qanunsuz və anti-demokratik cəhd ölkədə çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə yönəlmişdi. Lakin ana Vətən Türkiyədə xalq öz dövlətinin azadlığı və müstəqilliyi naminə ayağa qalxaraq bu niyyətin qarşısında canlı sipər oldu”.
Bunu KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri səfir Ufuk Arca Turganer deyib.
“15 İyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində Bakıda təşkil edilən tədbirdə çıxış edən Ufuk Arca Turganer bildirib ki, 15 iyul hadisələri zamanı türk dünyası baş verənləri böyük diqqət və narahatlıqla izləyirdi: “ Çünki çevrilişə cəhd edənlərin qalib gələcəyi təqdirdə, bunun ağır nəticələri təkcə Türkiyədə deyil, bütün türk dünyasına, o cümlədən KKTC-yə də hiss ediləcəkdi. Türk xalqının nümayiş etdirdiyi qətiyyət və fədakarlıq bu təhlükənin qarşısını aldı və demokratik iradə qalib gəldi”.
Diplomat əlavə edib ki, Bakıda 15 iyul hadisələrinə həsr olunmuş tədbirdə bir araya gəlməyimiz də məhz bu tarixi həqiqətlərin bir daha xatırlanması və yaddaşlarda yaşadılması məqsədi daşıyır: “İlk növbədə, bu mühüm tədbirin təşəbbüsünə görə təşkilatçılara, eyni zamanda Türkiyə Cümhuriyyətinin müvafiq qurumlarına dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, türk dünyası var olduqca, türk xalqları öz şəhidlərini heç vaxt unutmayacaq, onların xatirəsini daim uca tutacaq və ailələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşacaqdır”.









