BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan hər zaman bir olub. Iki qardaş ölkə hər zaman bir-birinin haqlarını və həqiqətlərini müdafiə edib”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün deyib.
“15 İyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində Bakıda təşkil edilən tədbirdə çıxış edən səfir xalqlarımızın hər zaman bir-birinə dəyər verdiyini qeyd edib: “Eyni coğrafiyanı paylaşan türk xalqı olaraq biz həmişə bir-birimizin dəyərini bilmişik. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı diqqət və dəstəyi sayəsində aramızda çox yaxın əməkdaşlıq mövcuddur. Biz bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin prosesi addım-addım izləməsində açıq şəkildə gördük. İyulun 15-də gecə türk xalqının nümayiş etdirdiyi dirəniş ruhunun eyni şəkildə azərbaycanlı qardaşlarımız tərəfindən də yaşandığını müşahidə etdik”.
Səfir vurğulayıb ki, “Türkiyədə baş verən zəlzələ zamanı isə bizə ən çox yardım edənlər azərbaycanlı qardaşlarımız oldu. Xalqlarımız arasındakı əlaqələri daha da gücləndirmək bizim borcumuzdur”.





